31 may 2025 14:14
186

Gürcüstanlı din xadimi: Şuşada olmaq mənə yuxu kimi gəlir

Uzun illər sonra İlham Əliyevin sayəsində bu günləri görmək olduqca sevindirici haldır.

“İki sahil” xəbər verir ki, bunu "Report"un Şuşaya ezam olunmuş müxbirinə açıqlamasında gürcüstanlı din xadimi Mahmud Əhmədov bildirib.

Gürcüstanın Marneuli rayonundan gəldiyini deyən müsahib Qarabağa səfəri zamanı təsiredici, eyni zamanda qürurverici anların şahidi olduğunu deyib.

"Mən evdən çıxdığım andan Şuşaya gələnədək hər şey mənə yuxu kimi gəlirdi. Amma çox şükür ki, bu yuxu deyil, həqiqətdir. Uzun illər sonra İlham Əliyevin sayəsində bu günləri görmək olduqca sevindirici haldır. Biz hər zaman televiziyada görürdük ki, işğalda olan torpaqlarda məscidləri, qəbiristanlıqları dağıdırlar. Amma bu gün bərpa-quruculuq işlərinin şahidi olduq. İnsan gərək gözü ilə görsün ki, qəlbən inansın”.

Din xadimi Qarabağı görməyi hər bir müsəlmana arzuladığını vurğulayıb:

“Biz şəhidlərin və qazilərin sayəsində bu gün gözəl torpaqları ziyarət etdik. Arzum budur ki, Qarabağın arzusunda olan hər kəs bura gələ bilsin”.