31 may 2025 12:40
174

Qırğızıstanda kükürd turşusunun satışı ilə məşğul olan cinayətkar dəstə üzvləri saxlanılıb

Qırğızıstanın Cəlalabad vilayətində kükürd turşusunun satışı ilə məşğul olan transmilli cinayətkar dəstənin üzvləri saxlanılıb.

“İki sahil” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 3 nəfərdən biri Oş vilayətinin sakini, ikisi isə əcnəbidir. Onlardan biri cinayətkar sxemin digər iştirakçıları barədə məlumat verib. Nəticədə Oş vilayətinin daha dörd sakini dindirilməyə cəlb olunub.

Şübhəlilərin digər cinayətlərdə mümkün iştirakı araşdırılır.

Daha əvvəl hüquq-mühafizə orqanlarına xarici vətəndaşın Qırğızıstanda xüsusilə külli miqdarda prekursorların qanunsuz saxlanması, daşınması və satışı ilə əlaqəsi olduğu məlum olub. Mayın 27-də şübhəli şəxs təxminən 500 kq kükürd turşusunu 80 min soma (təxminən 9,15 min dollar) satmağa cəhd edərkən saxlanılıb.