29 may 2025 13:32
174

Azyaşlıları avtomobilin ön oturacağında daşıyan sürücülərin DİQQƏTİNƏ

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir.

“İki sahil” xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumata görə, belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar. Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayiətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır.

“BDYPİ sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır”, - deyə məlumatda bildirilir.