Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul olundu. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Cümhuriyyətin adının özünə qaytarılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə də hakimiyyətə qayıdışından sonra əsas çağırışlarından biri bu oldu ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, bunun üçün Xalq Cümhuriyyətinə borcluyuq.
Müstəqilliyimizin bərpasının ilk illərində ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May Gününü tarixi Zəfərimizə qədər Respublika Günü olaraq təntənə ilə qeyd edirdi. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir müstəqil Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün qəsdlərdən və təhlükələrdən xilas etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunlarından gəldi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, əsl müstəqillik öz təbii sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” imzalandı. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu zirvələrə qaldırdı. Bu saziş ölkəmizin bugününə və sabahına inamı artırdı, Azərbaycan qısa müddətdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Əməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmiz yeni dostlar, tərəfdaşlar qazanaraq dünya birliyinin fəal üzvünə çevrildi. O illərdə atılan addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.
Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin strateji kursunu son 21 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin bu arzusunu reallığa çevirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, torpaqlarımız tarixi sahibinə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyigün - 8 Noyabr Zəfər Günü kimi çağdaş tariximizə həkk olundu. Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. 20 sentyabr dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu gün artıq işğaldan azad olunmuş bütün torpaqlarımız nəhəng quruculuq meydanına çevrilib. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən bütün işlər yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlu gələcəyinin aydın mənzərəsini yaradır. Bərpa-quruculuq işlərinin miqyası Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Azərbaycanın üçrəngli Bayrağı bütün azad edilmiş torpaqlarda dalğalanır. Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament, bu il isə bələdiyyə seçkiləri keçirildi. Müasir müstəqil, qalib Azərbaycan yeni dövrə qədəm qoyaraq dünənimizə baxış əsasında müəyyənləşdirilən yeni hədəflərə doğru inamla addımlayır. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu gün dünyada qüdrətli dövlətə çevrilib.
Millət vəkili bildirib ki, son beş ilin qürurverici məqamlarından biri dövlət başçısı İlham Əliyevin bayramları, əlamətdar tarixi günləri işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsidir. Son beş ilə qısa nəzər salsaq hər il Müstəqillik Günündə də bu sevinci yaşadığımızı görərik. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Xocalı şəhərinə köçən sakinlərlə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Həmin mərasimdə Prezident İlham Əliyev bildirdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki 2023-cü il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərin açarları təqdim edilmişdir. 2022-ci ildə isə Müstəqillik Günü ərəfəsində - mayın 27-də dövlət başçısı İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinin sakinləri ilə görüşdü. Ağalılar məhz o gündə doğma yurd-yuvalarına köçmüşdülər.
Vüqar Rəhimzadə qeyd edib ki, bu il Müstəqillik Günü ərəfəsində dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfər etdi. Səfər çərçivəsində bərpa-quruculuq işlərinin miqyasını nümayiş etdirən tədbirlərin say tərkibinə diqqət yetirdikdə görülmüş işlərin miqyasını təsəvvür etmək olar. Belə ki, Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin, PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak etdi. Laçın kanat yolunun təməlini qoydu. Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi, bura köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. Onu da qeyd edək ki, ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. 9-cu hava limanı Laçın şəhərində istifadəyə veriləcək. Təqdirəlayiq haldır ki, 9 Beynəlxalq Hava Limanından 3-ü işğaldan azad edilmiş ərazilərimizdədir. Bu, həmin regionların strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Laçına səfəri çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq. Artıq Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə səfərdədir. Mayın 27-də Laçın Beynəlxalq Hava limanına ilk xarici ucuş həyata keçirildi, ali qonaq bu hava limanında qarşılandı. Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha bu məkandan dünyaya çatdırılacaq. Beynəlxalq Hava Limanın açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.
Azərbaycan-Türkiyə birliyi, qardaşlığı azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, bu torpaqlarda həyata keçirilən önəmli hadisələrdə də özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2021-ci ildə Füzuli və 2022-ci ildə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Onu da qeyd edək ki, bu günlərdə Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Laçın Beynəlxalq Hava Limanının istifadə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirir.