25 may 2025 14:37
105

Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb

Liberiya bayrağı altında üzən “MSC ELSA 3” konteyner gəmisi Hindistanın cənubundakı Kerala ştatının Koçi şəhəri sahillərindən 38 dəniz mili aralıda Ərəb dənizində batıb.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunub ki, təhlükəli yük daşıyan gəmidə 13-ü təhlükəli yük, 12-si kalsium karbid olmaqla 640 konteyner olub.

Gəminin çənlərində həmçinin 84,44 ton dizel yanacağı və 367,1 ton mazut olub.

Mövcud məlumata görə, konteyner gəmisi anbarlarından birində su basması nəticəsində tamamilə batıb. Eyni zamanda yanacağın dağılması riski var. Artıq gəminin bütün 24 ekipaj üzvü təhlükəsiz şəkildə xilas edilib

“The Indian Express”in məlumatına görə, gəminin kapitanı rusdur, ekipajda həmçinin iyirmi Filippin, iki Ukrayna və bir Gürcüstan vətəndaşı var. 1997-ci ildə inşa edilmiş MSC Elsa 3 konteyner gəmisinin uzunluğu 184 metr, eni isə 25,3 metrdir.

Milli Fəlakətlərin İdarə Olunması İdarəsi sahil sakinlərinə batmış gəmiyə aid ola biləcək və dalğalar tərəfindən sahilə yuvarlana bilən obyektlərdən uzaq durmağı tövsiyə edib.