24 may 2025 15:39
110

Bakı Biznes Universitetində ənənəvi Karyera Sərgisi keçirilib - FOTO

23 may 2025-ci il tarixində Bakı Biznes Universitetində ənənəvi olaraq Karyera Sərgisi keçirilib. Sərgidə bir sıra dövlət qurumları və nüfuzlu şirkətlər iştirak ediblər. Tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə təşkil olunan sərgidə tələbələr ölkəmizin 30-dan çox aparıcı müəssisə və təşkilatları birbaşa ünsiyyət qurmaq, vakant yerlərlə tanış olmaq və əməkdaşlıq fürsətlərini dəyərləndirmək imkanı əldə ediblər.   

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor İbad Abbasov bütün iştirakçılarını salamlayaraq göstərilən maraq və dəstəyə görə öz təşəkkürünü bildirib. İ.Abbasov qeyd edib ki, əmək bazarının sürətlə dəyişdiyi və rəqabət mühitinin daha da gücləndiyi dövrdə gənclərin peşəkar hazırlığına, onların bacarıq və biliklərinin praktiki müstəvidə formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Karyera sərgiləri bu baxımdan tələbələr üçün həm istiqamətverici, həm də geniş fürsətlər yaradan mühüm bir vasitədir. Rektor sözlərinə sözlərinə əlavə edib ki, Bakı Biznes Universiteti olaraq biz yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda tələbələrimizin praktik bacarıqlara yiyələnməsinə çalışırıq. Bu istiqamətdə həyata keçirdiyimiz uzunmüddətli kompleks tədbirlər nəticəsində bu il məzun olan tələbələrimizin böyük əksəriyyəti artıq öz ixtisasları üzrə peşə bacarıqlarını təsdiq edən sertifikatlar əldə etmişdir. Bu sertifikatlar onların konkret sahələrdə rəqabətədavamlı kadrlar olduğunu təsdiqləyir və onlara işəgötürənlərlə uğurlu əlaqələr qurmaqda mühüm üstünlük verir. Əldə edilən bu uğurlar sadəcə sözlərlə deyil, rəsmi statistik göstəricilərlə də təsdiq olunur. Belə ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunan “Məzunların məşğulluq reytinqi”nin nəticələrinə əsasən, Bakı Biznes Universiteti 31 ali təhsil müəssisəsi arasında ilk onluqda qərarlaşmışdır. 2018–2022-ci illəri əhatə edən dövr üzrə statistikaya əsasən, universitetimizin məzunlarının 46.4%-i məzun olduqdan dərhal sonra işlə təmin olunmuşdur. Bu göstərici ilə Bakı Biznes Universiteti özəl ali təhsil müəssisələri arasında birinci yeri tutaraq lider mövqeyini təsdiqləmişdir.

Tədbirin davamında Universitet rəhbərliyi və qonaqlar dövlət qurumlarının və nüfuzlu şirkətlərin stendləri ilə tanışlıq həyata keçirərək əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi barədə  müzakirələr aparıblar. Daha sonra Universitetin tələbə və məzunları sərgi ilə yaxından tanış olaraq təqdim olunan çoxsayda iş və təcrübə proqramlarına müraciətlər ediblər.