İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının “Startup School 3” layihəsi çərçivəsində Qarabağ Universitetində təlim və infosessiya təşkil olunub.
“İki sahil” xəbər verir ki, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Qarabağın gənc sahibkarları” layihəsi çərçivəsində Universitetin 100-ə yaxın tələbəsinə “Sahibkarlıqda qlobal bazar tendensiyaları və startap layihələrinin inkişafı” mövzusunda təlim keçib.
Təlimdə qlobal innovasiya ekosistemi, startapların formalaşmasında problemin qoyuluşu və həll yolunun tapılması metodologiyaları barədə geniş izah verilib. Tələbələr həmçinin “Startup School 3” layihəsinin “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat əldə ediblər.
Təlimin sonunda bəzi startap layihələri dinlənilib və startap ideyalarının potensial güclü-zəif tərəfləri müzakirə edilib. Formalaşmış startap layihələrinin inkişaf etdirilməsi məqsədilə hazırda qeydiyyat prosesi davam edən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına müraciət imkanları haqqında məlumat verilib və suallar cavablandırılıb.
Qeyd edək ki, akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.