Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax şəhəri Cümə, Qazax rayonu Çaylı kəndi "Səxavət" məscidləri və Qazax rayonu, Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndi türbəsinin fəaliyyəti ilə tanış olub.
“İki sahil” xəbər verir ki, Dövlət Komitəsinin sədri din xadimləri ilə keçirdiyi görüşlərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərin, tolerantlıq ənənələrinin, dini müxtəlifliyin qorunması sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edib ki, dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
R.Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin, ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulması istiqamətində uğurlu layihələr həyata keçirdiyini bildirib.
Dövlət Komitəsinin sədri din xadimlərinin fəaliyyətinin ölkədə mövcud olan tolerantlıq mühitinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, İslam dininin əsaslarının cəmiyyətə çatdırılmasında, dindən destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri fəal olmalı, mənfi tendensiyalara qarşı mübarizəyə, ideoloji sahədə aparılan maarifləndirmə işlərinə öz töhfələrini verməlidirlər .
Din xadimləri dövlətin dini-mənəvi dəyərlərin qorunması və təşviqi sahəsində atdığı addımları, eyni zamanda dini maarifləndirmənin genişləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində həyata keçirdiyi layihələri dəstəklədiklərini vurğulayıblar.
Dini icmalar və müxtəlif konfessiyalar arasında qarşılıqlı etimadın dərinləşməsi, həmrəyliyin möhkəmləndirilməsinin dövlət maraqları və ictimai mənafelər baxımından vacib əhəmiyyətə malik olduğunu qeyd ediblər.