19 may 2025 12:59
437

Mucuqluların “mavi yanacaq” sevinci

Son illərdə respublikamızın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Hətta sovet hakimiyyətinin ən inkişaflı illərində belə qazdan istifadə etmək imkanı olmayan bir sıra yaşayış məntəqələrindəki evlərdə indi “mavi yanacaq” şölələnir. Yaşayış məntəqələrinin qazlaşdırılması hər bir rayonun, hər bir kəndin simasını dəyişməklə yanaşı, müəyyən problemlərin aradan qaldırılmasına da vəsilə olur.  Yeri gəlmişkən, ölkəmizdə 2024-cü ilin 30 iyun tarixinə qazlaşdırmanın səviyyəsi 96,5 % təşkil edib. Halbuki 2003-cü ildə respublikamızda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bu, hər şeydən əvvəl 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarına uyğun olaraq şəhər, rayon, kənd və qəsəbələrin “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən genişmiqyaslı tədbirlərin bəhrəsidir. Bu həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin öz işini günün tələbləri səviyyəsində qurmasından irəli gəlir.

Artıq bir neçə gün öncə Qusarın Mucuq kəndinin də qaz problemi həllini tapıb. Belə ki, bu kəndə ilk dəfə təbii qaz verilib. Qusar Rayon İcra Hakimiyyəti başçısının Mucuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhəmməd Novruzovun “İki sahil”ə verdiyi məlumata görə, rayon mərkəzindən 32 km aralıda yerləşən və 305 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün müxtəlif diametrli borularla 5,8 kilometr daşıyıcı və 18,5 kilometr məhəllədaxili qaz xətləri çəkilib, qaz tənzimləyici şkaf quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı S. Məmmədxanov bu əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. O, həmçinin ölkəmizdə, eləcə də Qusar rayonunda əhalinin “mavi yanacağ”a olan tələbatının ödənilməsi sahəsində görülmüş tədbirlər haqqında ətraflı məlumat verib. Milli Məclisin deputatı Azər Badamov mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin və əhalinin gündən-günə yaxşılaşan rifah halının ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatların nəticəsi olduğunu qeyd edib.

Mucuğa təbii qaz çəkilişinin əlamətdar  hadisə olduğunu vurğulayan  kənd sakinləri Nəzifə Qaflanova, Qədim İsayev yanacaq üçün odun tədarükündə qarşıya çıxan çətinliklərdən, eləcə də xanımların mətbəxdəki əziyyətlərindən söz açıblar. Onlar yanacaq sarıdan problemlərinin artıq həll olunduğunu sevinclə dilə gətiriblər. Sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, kənd sakinlərinin evlərində təbii qazın yanması onların daha rahat yaşamalarına zəmin yaradacaq.

Şəhid atası Camal Heydərova evinin qazlaşdırılması layihəsi təqdim olunduqdan sonra kəndə qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Onu da qeyd edək ki, Camal kişinin oğlu Şair Heydərov 13 sentyabr 2022-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Həmin ilin 16 sentyabr tarixində nəşi doğulduğu Qusar rayonunun Mucuq kəndində dəfn edilib. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Heydərov Şair Camal oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", III dərəcəli “Rəşadət” ordeni  ilə təltif edilib. Yeri gəlmişkən onu da bildirək ki, bu tədbir çərçivəsində Mucuq kəndində şəhidlərin xatirə abidəsi ziyarət olunub, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.        

Sonda onu da bildirək ki, Qusarın digər kənd yaşayış məntəqələrinin qazlaşdırılması və əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu ilin sonunadək rayonun Avaran kəndinə də təbii qaz veriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”