19 may 2025 00:24
96

Polşada prezident seçkilərində seçici fəallığı 50 %-i ötüb

Polşada yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə saat 19:00 - red.) olan məlumata görə, səsvermə hüququ olan seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib.

“İki sahil”in "TVP İnfo" telekanalının saytına istinadən verdiyi məlumata görə, bunu respublikanın Dövlət Seçki Komissiyasının sədri Silvester Marçinyak deyib.

“Bildirirəm ki, Polşa Respublikası prezidenti seçkilərində bu il mayın 18-də saat 17:00-a səsvermə hüququ olan 14 milyon 405 min 533 nəfərə seçki bülletenləri verilib ki, bu da seçicilərin ümumi sayının 50,69 faizini təşkil edir”, - o, mətbuat konfransında deyib.

Məmurun sözlərinə görə, bu, 2020-ci ildə keçirilən son prezident seçkilərində səsvermənin bitməsinə 4 saat qalmış seçicilərin 47,89 %-nin səs verdiyindən daha yüksəkdir.

Qeyd olunur ki, ən yüksək seçici fəallığı Varşavada və paytaxtın Mazovetski voyevodluğunda qeydə alınıb. Marçinyak vurğulayıb ki, indiki seçkilər zamanı insidentlərin həcmi 2020-ci ilin rəqəmləri ilə müqayisə oluna bilər və qanun pozuntularında ciddi artım müşahidə olunmayıb.

Polşada dövlət başçısı postuna 13 namizəd mübarizə aparır. Sorğulara görə, onların heç biri birinci turda (50%+1) qalib gəlmək üçün seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilməyəcək.