12 may 2025 13:51
574

Azərbaycan–Vyetnam münasibətləri strateji mərhələyə keçid edir

7 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri çərçivəsində mühüm sənədlər imzalanıb və iki ölkə arasında münasibətlərdə yeni dövrün əsası qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnamın ali rəhbər nümayəndəsi, Baş katib To Lam arasında keçirilmiş görüşlər nəticəsində tərəflər arasında bir sıra mühüm razılaşmalar əldə olunmuşdur. Görüşün yekununda mətbuata verilən birgə bəyanat, Azərbaycan–Vyetnam münasibətlərində strateji tərəfdaşlıq mərhələsinin başlanğıcını rəsmiləşdirmişdir.

Ən mühüm sənədlərdən biri kimi “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır. Bu bəyanat iki ölkənin münasibətlərini siyasi, iqtisadi və humanitar sahələrdə daha yüksək səviyyəyə qaldırmaq niyyətini əks etdirir.

Əməkdaşlığın konkret istiqamətləri üzrə aşağıdakı sənədlər imzalanıb:

Energetika sahəsində əməkdaşlıq: “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə təcrübə mübadiləsi, birgə layihələr və yaşıl enerji təşəbbüslərini əhatə edir.

Müdafiə sahəsində əməkdaşlıq: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təhlükəsizlik və müdafiə sahəsində təlim, texniki əməkdaşlıq və qarşılıqlı səfərləri nəzərdə tutur.

Hüquqi əməkdaşlıq: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı” hüquq islahatları, təlim proqramları və qanunvericilik sahəsində təcrübə paylaşımını əhatə edir.

Enerji sənayesi üzrə şirkətlərarası əməkdaşlıq: “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye–Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu” enerji layihələrində birgə iştirak, texnoloji təcrübə mübadiləsi və yeni bazarlara çıxış imkanlarını nəzərdə tutur.

Prezident İlham Əliyev bəyanatında bildirmişdir ki, bu sənədlər Azərbaycan və Vyetnam arasında əlaqələrin dərinləşdirilməsi üçün real əsas yaradır və qarşılıqlı hörmət, bərabərlik və fayda prinsiplərinə söykənir. Baş katib To Lam isə Azərbaycan rəhbərliyinin regionda və beynəlxalq aləmdə oynadığı fəal rolu yüksək qiymətləndirərək, bu əməkdaşlığın uzunmüddətli və səmərəli olacağına inamını ifadə edib.

Bu səfər və imzalanan sənədlər, Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasında əlaqələrin genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi