Serbiya ilə Azərbaycan yaxın perspektivdə enerji daşıyıcılarının tədarükü, eləcə də birgə infrastruktur təşəbbüslərinin həyata keçirilməsi məsələlərinə dair danışıqları davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Azərbaycana səfərinin yekunlarına dair sosial şəbəkə səhifələrində məlumat verib.
D. Djedoviç Handanoviç Azərbaycanın maliyyə naziri Sahil Babayevlə iki dövlət arasında kompleks qarşılıqlı fəaliyyət barədə danışıqlar apardığını bildirərək, enerji resurslarının ikitərəfli ticarət dövriyyəsinin əsasını təşkil etdiyini xüsusi vurğulayıb:
"Azərbaycandan təbii qaz tədarükünün həcmi 3 il əvvəl əməkdaşlığımıza (bu istiqamətdə -red.) başladığımız vaxtdan bəri iki dəfə artıb. Biz qarşıdakı dövr üçün enerji daşıyıcılarının tədarükü, eləcə də ümumi infrastruktur layihələri barədə danışıqları aparırıq".
D. Djedoviç Handanoviç qeyd edib ki, növbəti ay Belqrad və Bakı arasında birbaşa hava əlaqəsi açılacaq, həmçinin ən yüksək səviyyədə bir sıra səfərlər baş tutacaq.
"Məmnunam ki, bugünkü danışıqlar dialoqumuzu dərinləşdirməyə imkan verib, bu da Serbiyanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və dövlətlərimiz arasında strateji tərəfdaşlığın genişləndirilməsi yolunda əhəmiyyətli addımdır".
Onun sözlərinə görə, Azərbaycan Serbiya üçün sadəcə qaz tədarükçüsü deyil, həm də strateji tərəfdaşdır. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri ilə görüşlər çərçivəsində Serbiyanın enerji landşaftını transformasiya etmək iqtidarında olan, Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsinin konkret mərhələləri nəzərdən keçirilib.
"Biz elektrik və istilik enerjisi istehsalı obyektinin inşası müddətlərini müzakirə etdik. Bu layihə əsası prezidentlər - Aleksandr Vuçiç və İlham Əliyev tərəfindən qoyulmuş tərəfdaşlığı gücləndirir", - o deyib.
Gözlənilir ki, yeni stansiya Serbiyanın enerji sisteminin dayaqlarından birinə çevriləcək: o, yüksək istehsal səmərəliliyini və emissiyaların minimal səviyyəsini təmin edəcək. Bundan əlavə, layihə mövcud infrastrukturdan tam şəkildə istifadə etməyə və enerji təchizatı mənbələrinin spektrini genişləndirməyə imkan verəcək.
"Bu, Serbiyanın cənub regionlarının inkişafına, sənaye sektoruna və yeni iş yerlərinin yaradılmasına yatırılan sərmayədir. Bu, energetikanın texnoloji tərəqqiyə - süni intellektdən yeni məlumat emalı mərkəzlərinə qədər - dəstək verdiyi gələcəyin əsasıdır", - D. Djedoviç Handanoviç bildirib.
Azərbaycan ilə Zimbabve arasında dayanıqlı şəhərlə bağlı əməkdaşlıq müzakirə olunub
Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir