17 may 2025 23:40
120

Ulu Öndərin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

16 may tarixində Heydər Əliyev Sarayında AHİK-ın üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti baş tutub.

İki sahil” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, rektorlar, millət vəkilləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub.

Müsabiqə-festivalın birinci mərhələsi aprel-may aylarında ölkənin 26 ali təhsil müəssisəsində keçirilib. Ümumilikdə 1600-ə yaxın tələbə bu mərhələdə iştirak edib. Final mərhələsinə isə 391 tələbə vəsiqə qazanaraq çıxışlarını nümayiş etdirib.

Final iştirakçılarının çıxışları Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Samir Cəfərov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, yazıçı-şair Baba Vəziroğlu, Xalq artisti, bəstəkar və vokal ifaçısı Gülyanaq Məmmədova, Xalq artisti, baletmeyster Təranə Muradova və ustad tarzən, pedaqoq Arslan Növrəsli, əməkdar incəsənət xadimi Hafiz Quliyev kimi nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını dəstəkləmək, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək və Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.

Qeyd edək ki, müsabiqənin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılacaqlar.