Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun mayın 18-də keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.
“İki sahil” xəbər verir ki, mərasimə müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılacaq. Ukrayna Prezidenti Volodimir Zelenski mərasimdə iştirak etmək üçün sabah Romaya gələcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də əsas qonaqlar sırasındadır.
Müqəddəs Pyotr Kilsəsində baş tutacaq mərasimlə Vatikanda Papa XIV Leonun pontifikatı başlayacaq.
Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.
İtaliya təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib, meydana giriş-çıxışlarda mərhələli yoxlamalar aparılacaq. Mərasimi işıqlandırmaq üçün 500-dən çox media nümayəndəsi fəaliyyət göstərəcək.