16 may 2025 21:02
141

Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu

Bu mövzuda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  tədbir keçirildi

Mayın 16-da Yeni Azərbaycan Partiyasının (YAP)  Səbail rayon təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (AİBNDA) dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirildi.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilən tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olundu.

Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, partiyanın Səbail rayon təşkilatı üzrə Ü.Hacıbəyov 84/5 ərazi ilk partiya təşkilatının sədri Məhəmməd Nooyev və YAP üzvü, AİBNDA-nın Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin əməkdaşı Reqina Cabbarlı çıxış etdilər. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulandı və bu təşəbbüsün xalqımızın hüquq və azadlıqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və vətəndaşların Konstitusiya dəyərlərinə bağlılığının gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırıldı. Bir daha vurğulandı ki, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən təşkil edilmiş tədbirlərdə fəal iştirakına görə bir qrup partiya üzvləri Fəxri fərmanlarla təltif edildi, partiyaya yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim olundu.

Nigar Orucova, “İki sahil”