16 may 2025 14:39
108

Səhiyyə naziri: Sertifikasiya imtahanından keçməyən işçinin 6 ay müddətində...

Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişafa dair qanunvericilik təşəbbüsünün layihəsi hazırlanıb. Layihə hazırlanarkən mövcud vəziyyət təhlil edilib və beynəlxalq təcrübə öyrənilib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, müxtəlif ölkələrdə tətbiq olunan eyniməzmunlu konsepsiyalar tibb mütəxəssislərinin fəaliyyətinin praktiki, elmi, pedaqoji və digər xüsusiyyətlərini əhatə etməklə, peşə bilik və bacarıqlarının yüksəldilməsinə imkan yaradır. Davamlı peşəkar inkişafın tətbiqi mexanizmlərində ölkələr arasında fərqli yanaşmalar olsa da, ümumi ortaq xüsusiyyətlər odur ki, qabaqcıl səhiyyə sistemləri olan ölkələrin hər biri tibb mütəxəssislərinin davamlı olaraq özünü inkişaf etdirməsinin vacibliyini qəbul edir. Layihəyə əsasən tibb işçilərinə sertifikasiyanı həyata keçirmək üçün seçim imkanı verilir. Yəni, tibb mütəxəssisləri 5 il müddətində davamlı peşəkar inkişaf tədbirlərinə qatılır, hər il üzrə tələb olunan minimum 50 kredit olmaqla, 250 krediti toplayır və ya dövri olaraq 5 ildə bir dəfə sertifikasiya imtahanından keçir.

“Digər bir yenilik isə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılmasıdır. Bu təklifi ölkə rəhbərliyinin hər zaman tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının davamı kimi qiymətləndirə bilərik. Bu dəyişikliklə, ilk imtahanda uğursuz nəticə əldə etmiş tibb işçisi diqqətini yalnız fərdi hazırlığa yönəldir və sosial vəziyyətində yarana biləcək mümkün qayğılardan uzaqlaşır”, - deyə T.Musayev vurğulayıb.