16 may 2025 22:58
117

Belə evlərə sahiblənməyin şərtləri və detalları - Satmaq öhdəliyi ilə kirayə mənzil

Daha 150 yeni, tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir

Yaşayış sahələrinin kirayəsi ilə sonradan alınması dünyanın bir çox ölkələrində (Böyük Britaniya, Kanada, Türkiyə, Rusiya, Qazaxıstan və s.) geniş şəkildə yayılmaqla mənzil maliyyələşməsi sahəsində ən vacib mexanizmlərdən birinə çevrilmişdir. Dövlətin dəstəyi ilə qurulan bu mexanizmin qısa mahiyyəti - məqbul yaşayış sahələrinin daşınmaz əmlak bazarından ixtisaslaşmış dövlət qurumları, adətən ipoteka təşkilatları tərəfindən alışı və müəyyən əhali qruplarına müddət sonunda satınalma hüququ vermək şərti ilə uzunmüddətli kirayəyə verilməsidir. Qeyd olunanlarla əlaqədar ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə satmaq öhdəliyi ilə kirayə mexanizmi yaradılmış və 2020-ci ilin mart ayından etibarən ölkə ərazisində tətbiqinə başlanılmışdır.

Ölkəmizdə tətbiq olunan kirayə mexanizminin əsas məqsədi ipoteka kreditlərinə çıxış imkanı olmayan, şəxsi yığımları aşağı olan vətəndaşlara mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu mexanizm vətəndaşlara uzun müddətə ödəniş imkanı ilə dövlət vəsaitləri hesabına alınmış mənzillərdən istifadə edərək mənzil sahibi olmalarına və mənzil vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradır. Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin yeni olmasına baxmayaraq mexanizmin əhali üçün əlçatanlığının, proseslərin səmərəliyinin, eyni zamanda vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən biridir. 

Məlum olduğu kimi, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır. Yeni mənzillər seçim üçün 15 may 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.

Sözügedən mövzu ilə əlaqədar oxucularımızı daha ətraflı məlumatlandırması, mühüm məqamlara aydınlıq gətirməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun  Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Namiq Mailov ilə həmsöhbət olduq.

-İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizminin məqsədi və üstünlüklərini necə şərh edərsiniz?

-Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə yaradılıb və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə imkanlar açır. Mexanizmin məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir.

Belə ki, satmaq öhdəliyi ilə kirayənin əsas özəlliklərindən biri burada ilkin ödəniş tələbinin olmaması və bununla da şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil vəziyyətinin yaxşılaşdırılması üçün əlverişli imkanın yaradılmasıdır. Cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəmək kifayətdir ki, vətəndaş tam təmirli mənzilin açarını əldə edə bilsin.

Aylıq ödənişlər güzəştli şərtlərlə hesablanır. Mexanizm çərçivəsində Fondun gəlirliliyi nəzərdə tuutlmayıb. Aylıq ödənişlərə yalnız Qaydalarla nəzərdə tutulmuş zəruri xərclər daxildir. Bank komissiyası, qiymətləndirmə xərci, daşınmaz əmlakın qeydiyyatı üçün rüsum, xidmət haqqı kimi xərclər satmaq öhdəliyi ilə kirayədə mövcud deyildir.

Fond kirayə mənzil üçün müraciət edən vətəndaşın gəlirlərinin və xərclərinin qiymətləndirilməsi zamanı daha yumşaq yanaşma tətbiq edir ki, bu da onun əlçatanlığını daha da artırır.

Bu mexanizmdən, həmçinin krediti olan vətəndaşlar, hətta mənfi kredit tarixçəsi olan şəxslər belə faydalana bilirlər. Sadəcə kredit öhdəliyinin olması həmin vətəndaş üçün təyin edilən aylıq ödənişin məbləğinə təsir edə bilər.

-Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil üçün müraciət sayında məhdudiyyət varmı?

-Mövcud qaydalara əsasən, bir şəxs Fondla bağlanmış yalnız iki kirayə müqaviləsi üzrə kirayəçi qismində çıxış edə bilər.

- Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə oxucularımıza ətraflı məlumat verməyinizi istərdik… Müraciətçilər arasında seçim edərkən daha çox hansı meyarlara üstünlük verilir?

- Kirayə mexanizmi üzrə müraciətlərin qəbulundan tutmuş sənədləşməyə qədər bütün proseslər tək şəxsiyyət vəsiqəsilə elektron sistem üzərindən aparılır ki, bu da vətəndaşların həm vaxtına, həm də vəsaitlərinə qənaət etməyə imkan yaradır.

Mexanizmdən yaşı 60-dək olan, müraciət anına vaxtı keçmiş aktiv kredit öhdəliyi olmayan və rəsmi gəlirlərə malik Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər.

Bunun üçün vətəndaşlar ASAN imza və ya elektron imzadan istifadə etməklə elektron hökumət portalına inteqrasiya olunmuş Elektron İpoteka və Kredit Zəmanət Sistemində şəxsi kabinet yaradır və ərizə anketi doldurur.

Daha sonra ərizəçilərin elektron sistem tərəfindən ilkin qiymətləndirməsi aparılır və ona ASAN-xidmət bölmələrinə yaxınlaşmaq üçün görüş günü təyin olunur.

Sənədlər Fonda təqdim edildikdən sonra vətəndaşın ödəmə qabiliyyətli qiymətləndirilir və o, özünün ödəmə qabiliyyətinə uyğun mənzil seçmək imkanı əldə edir.

Mənzil seçimi də yenə Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir. Bundan sonra vətəndaşın şəxsi kabinetinə bildiriş göndərilir və o, həmin bildirişdə qeyd olunan notariat ofisinə yaxınlaşaraq satmaq öhdəliyi ilə kirayə müqaviləsini rəsmiləşdirir.

-İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində  növbəti dəfə hansı ünvanda  və hansı tarixdə  satmaq öhdəliyi ilə kirayə mənzillər təqdim edəcək?

-Qeyd etmək lazımdır ki, satmaq öhdəliyi ilə kirayə mənzil fondu keçirdiyimiz ictimai rəy sorğuları əsasında, vətəndaşların tələbatı nəzərə alınmaqla formalaşdırılır. Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik olan, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərinə yaxın ərazilərdə yerləşən, 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir.  Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

İndiyədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 15 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Mövcud mənzillər barədə məlumatları vətəndaşlar Fondun rəsmi internet səhifəsinə daxil olmaqla əldə etmək olar. Həmçinin tələbat nəzərə alınaraq gələcəkdə yeni ərazilərdə mənzillərin alınması ilə bağlı araşdırmalar aparılır. Mənzil fondu yeniləndikdə vətəndaşlara qabaqcadan məlumat verilir.

Kirayə mexanizmi üzrə aylıq ödənişlər yaşayış komplekslerinin yerləşmə yerinə görə dəyişir. Beləki, Bakı şəhəri üzrə minimal aylıq ödənişlər 411 manat, Sumqayıt şəhərində 296 manat, Abşeron rayonunda isə 268 manatdan başlayaraq dəyişir.

Məlum olduğu kimi, mayın 15-dən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksindən daha 150 yeni, tam təmirli mənzillər kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediləcək. 

Yaqut Ağaşahqızı, “İki sahil”