İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası sürətlənib. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatına yeni nəfəs və güc gəlməkdədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində uğurlu nəticələrə hesablanmış işlər görülür. Xüsuilə dövlətimiz azad edilmiş ərazilərdə sərmayəçilər və sahibkarlar üçün əlverişli bizneç mühiti yaradıb.
Qeyd edək ki, hələ Prezident İlham Əliyevin 2021-ci il 10 dekabr tarixli «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamında əsas hədəf Qarabağ və Şərqi Zəngəzurdakı ərazilərin zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə etməkdir. Məlum Sərəncamın icrası istiqamətində güzəşt və azadolmalar da müəyyənləşdirilib. İlk növbədə, vergi və gömrük güzəştlərinin tətbiqi diqqətdə saxlanılıb. Belə ki, işğaldan azad edilən ərazilərin rezidentlərinin 10 il müddətində mənfəət gəlir, əmlak, torpaq, sadələşdirilmiş vergidən azad edilməsi qərara alınıb. Müvafiq sahələr üzrə idxal olunan avadanlıqlar 10 il müddətinə ƏDV və gömrük rüsumlarından azad edilib. Həmçinin həmin ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması həyata keçrilir.
Sözügedən iqtisadi iqtisadi rayonlarda bərpa-quruculuq layihələrinin geniş vüsət alması üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi hər il artırılır. Məsələn, 2020-2024-cü illərdə işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb. Cari ildə isə bu məqsədlə 4 milyard manat vəsaiti xərclənməsi planlaşdırılır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətə başlayan Ağdam Sənaye Parkı ölkəmizdə həm aqrar sahənin, həm də sənayenin bəzi sahələrini özündə cəmləşdirir. Son bir ildə bu parkda on milyonlarla manatlıq məhsul istehsal olunmaqla, həm yerli, həm də xarici bazarlarda satılıb. Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə mənfəət, əmlak, torpaq vergiləri, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunub. Digər mühüm məsələ işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasıdır. istiqamətində tədbirlərə başlanılıb. Bu ərazilərdə onlarla su elektrik stansiyası artıq fəaliyyətdədir.
İndi Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarların da yeni infrastrukturların qurulmasında iştirakları üçün münbit şərait yaradılıb. Burada yüzlərlə sahibkar həm də tikinti sektorunda çalışır və tikilən sosialyönümlü müəssisələrin, təhsil ocaqlarının inşasında onların fəaliyyəti genişdir. Eyni zamanda, hazırda Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı müəssisələrinin maliyyələşməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) da iştirak edir. Fond aqrar sektorda emal müəssisələrinin yaradılması, mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi üçün güzəştli kreditlər verir. Bu siyahıya aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi, ətlik və südlük cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin, əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, pambıqçılıq, üzümçülük təsərrüfatlarının yaradılması və sair daxildir. SİF 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara da dəstək göstərir . Belə ki, 2022–2024-cü illər ərzində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən yerli sahibkarların 10-dan çox layihəsinin maliyyələşdirilməsi üçün Fond tərəfindən 15 milyon manatdan çox güzəştli kredit verilib.
Elçin Zaman, «İki sahil»