15 may 2025 11:09
97

"Enterprise Azerbaijan" Dövlət İdarəçilik Akademiyasında “Startup School 3” layihəsini təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Startup School 3” layihəsi çərçivəsində infosessiya keçirib. Tədbirdə innovasiya və sahibkarlıq sahəsinə maraq göstərən tələbələr və startap ideyalarına sahib gənclər iştirak ediblər. Sessiyanın əsas məqsədi iştirakçıları “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı ilə tanış etmək, proqramın təqdim etdiyi imkanlar barədə məlumat vermək və gənclərin innovativ düşüncə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək olub.

“İki sahil” xəbər verir ki, təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov proqramın məqsədləri, mərhələləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu təşəbbüs yaşıl texnologiyalar və rəqəmsal həllər üzərində çalışan startapları dəstəkləməklə gənclərin beynəlxalq innovasiya mühitinə inteqrasiyasını təşviq edir və regional əməkdaşlıq imkanlarını artırır.

İnteraktiv müzakirələr zamanı tələbələr mentorluq, təlim mərhələləri və seçim meyarları ilə bağlı suallar ünvanlayıb, eləcə də proqramdan necə faydalana biləcəkləri barədə praktik tövsiyələr alıblar.

Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir və Azərbaycanda texnologiyayönümlü startap ekosisteminin formalaşmasına, gənc mühəndislərin və təşəbbüskarların potensialının inkişafına, eləcə də onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.