Azərbaycan əsrlər boyu tolerantlıq məkanı kimi tanınıb. Ölkəmizdə müxtəlif konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə hakimiyyətə gələndə ölkəmizdə dövlət-din modelinin əsasını müəyyənləşdirib. Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu, dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Ümummilli Lider 1998-ci ilin may ayında Prezident Sarayında ölkənin din xadimləri ilə görüşündə ölkəmizdəki tolerantlığı belə xarakterizə etmişdi: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünü göstərir”.
Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Burada yaşayan müxtəlif millətlər, azsaylı xalqlar müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə icra edirlər, öz ana dillərində təhsil alırlar. Onları həmişə xeyir-şər məclislərində bir yerdə görmək mümkündür. Bu mənada demək olar ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.
Ulu Öndər, həmçinin bildirirdi ki, Azərbaycanın gücü onun əhalisinin müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində 30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti respublikamızda yaşayan bu etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradıb. Hətta dini icmaların sülh və həmrəylik şəraitində birgə yaşadığı Azərbaycan dini, irqi zəmində ayrı-seçkiliyin, antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir. Müxtəlif xalqların nümayəndələri ölkəmizin inkişafına da önəmli töhfələr verirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsində ölkəmizdə yaşayan bütün xalqların payı var. Halbuki dünyanın ən demokratik hesab edilən dövlətlərində tolerantlıq məsələsində müəyyən problemlər mövcuddur. Bu mənada Azərbaycan öz tolerant yaşam tərzi ilə artıq dünyaya nümunədir. Odur ki, Azərbaycan özünün tolerantlıq sahəsində təcrübəsini yaymaq, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla yaxından əməkdaşlıq edir. Eyni zamanda, ölkə daxilində müxtəlif beynəlxalq səviyyəli tədbirlər keçirir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılanır. Çünki dünya da artıq yaxşı dərk edir ki, baş verən münaqişələrin səbəblərindən biri də Ulu Öndərin təbliğ etdiyi tolerantlığın, qarşılıqlı anlaşmanın olmamasıdır. Bu isə o deməkdir ki, bu gün Azərbaycanın ən qədim demokratiya ənənələrinə malik olan dövlətlərə dini-etnik tolerantlıq baxımından nümunə göstərilməsi gerçəkliyinin kökündə məhz Heydər Əliyevin təməlini qoyduğu ideyalar dayanır.
“Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümizdür” deyən Ulu Öndər Heydər Əliyev xalqımızın bu xüsusiyyətini çox gözəl ifadə etmişdir: “... Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”. Bununla da Ulu Öndər bir daha bildirib ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Ümummilli Lider, həmçinin ölkəmizdə tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmayıb, bunu yüksək qiymətləndirib.
Bütün bunları dərindən analiz edəndə bir daha bu qənaətə gəlmək mümkündür ki, ölkəmizdə formalaşmış və dünyanın həsəd apardığıı bu toleranlıq Ulu Öndərin düşünülmüş müdrik siyasətinin əsas göstəricilərindəndir. Çünki Ümummilli Lider tolerantlıq mühitinin yaradılmasını vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayıb.
“Bugünkü Azərbaycanı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir” deyən Prezident İlham Əliyev də tolerantlığı yüksək dəyərləndirir və bu istiqamətdə mükəmməl addımlar atmaqla ona yeni çalarlar əlavə edir. Yeri gəlmişkən, bu ilin aprel ayında Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda bu məqamları bir daha dilə gətirib. Dövlətimizin başçısı məktubunda bir daha vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılır. Prezident, həmçinin qeyd edib ki, cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Qvami Məhəbbətoğlu, “İki sahil”