Dövlət başçısı İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını şərtləndirən amilləri bir daha əsaslı şəkildə diqqətə çatdırdı
«Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.» Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi bu fikirlər Azərbaycanın bugünkü və gələcək uğurlarına gedən yolun aydın mənzərəsini yaradır.
Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur ki, Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.
Dövlət başçısı İlham Əliyev bu günlərdə azad edilmiş ərazilərimizə səfəri çərçivəsində Ağdam Muğam Mərkəzinin açılışı mərasimində bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, Azərbaycan xalqı Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, ləyaqətli, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.
Uğurlarımıza yol açan mühüm amillərdən biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünya güclərinin ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Prezident İlham Əliyev ötən il dünyanı Azərbaycana toplayan iqlim konfransında- COP29-un Liderlər Sammitində də diqqəti 30 ilik işğal, həmçinin postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.
COP29 Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatında növbəti plavtforma oldu. Liderlər Sammitindəki çıxışlarda diqqət bu gün Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə yönəldilərək ölkəmizə Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edildi. Vurğulandı ki, Azərbaycan öz şəhərlərini yenidən bərpa edir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. O da bildirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.
Hər bir dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunu şərtləndirən mühüm amillər mövcuddur. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il ardıcıl olaraq yekdilliklə sədr seçilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsil olunması, eləcə də ötən il 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və qüdrətinin göstəricisidir. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən COP29 uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsi oldu. Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz təbii resurslarla zəngin ölkədir. Onlardan səmərəli istifadə etibarlı, arzuolunan tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlara əsasən Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatlar prosesinin dərinləşdirilməsi Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Ötən il dünyanı Azərbaycana toplayan COP29-un iştirakçıları ölkəmizin dayanıqlı iqtisadi inkişafından heyrətlərini gizlətmədilər. Azərbaycan malik olduğu imkanları ilə diqqəti özünə çəkdi. Buna əsas verən kompleks tədbirlərin həyata keçirilməsi, Azərbaycanın təkmil inkişaf modelinin mövcudluğudur. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Yeni əməkdaşlıq formatları yaradıldı, enerji layihələri gündəmə gətirildi, icrasının uğurla başa çatdırılması üçün ciddi addımlar atıldı. Bu reallıq beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, Azərbaycanın iqştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərinin hər biri uğurlu sonluqla başa çatdırılır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı 2020-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TAP istifadəyə verildi. Azərbaycan həmin illərdə iqtisadi artımı ilə diqqətdə oldu. İslahatlar prosesi daha da dərinləşdirildi. Özünüməşğulluq proqramı uğurla icra edildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıldı. Bütün bunlar ölkəmizin dayanıqlı iqtisadi inkişafınan göstəricisi kimi dəyərləndirildi.
Azərbaycanın dayanıqlı inkişafı hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb onlara yeni evlərin açarlarını verərkən bu statistik rəqəmi də diqqətə çatdırdı ki, Kəngərli kəndi bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri bərpa edilib. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Hamınız birlikdə bu bölgəni - Qarabağı quracağıq.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. O da qeyd edilir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqyası bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Statistik rəqəmlərə nəzər salsaq, bu gün təkcə Xankəndi şəhərində 8 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.
Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Dövlət başçısı İlham Əliyev Ağdam Musiqi Mərkəzinin açılışı mərasimində görülən və görüləcək işlər barədə məlumat verdi. Bildirdi ki, Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır: «O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.»
Ağdam-Bərdə avtomobil yolundan da danışan cənab İlham Əliyev qeyd etdi ki, möhtəşəm bir yoldur: «Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər.»
İnfrastruktur layihələrinin icrasında dost ölkələrin böyük dəstəyi var. Türkiyədən olan şirkətlər bu prosesdə fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş torpaqlarda türkdilli ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli rayonunda inşa edilib. Bir məktəbin təməlini isə ötən il Qırğızıstan Prezidenti ilə cənab İlham Əliyev Ağdam rayonunda qoydular. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Onu da qeyd edək ki, COP29 çərçivəsində Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu fabrik birliyimizin daha bir rəmzidir. Özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır.
Bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən beş ilə yaxın dövrdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsinin nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər.
Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir.
Göründüyü kimi, iqtisadi güc hər bir ölkənin inkişafında əsas faktordur. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlərdə dövlətimizin həyata keçiridyi siyasətin əsasında dayanır. Son 21 ildən artıq zamanda iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının əsas hədəf kimi qarşıya qoyulması və buna doğru inamlı addımların atılması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu reallıq da beynəlxalq səviyyədə xüsusi qeyd edilir ki, yalnız müstəqil iqtisadi siyasət həyata keçirən ölkə müstəqil siyasət yürüdə bilər. Azərbaycanın nümunə göstərilməsi düşünülmüş və məqsədyönlü siyasətimizin uğurlu nəticəsidir. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də növbəti diplomatik uğurlumuz, iqtisadi müstəqilliyimizin qazandırdığı nailiyyətlərin təqdimatı oldu.
Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz bütün reallıqların ümumiləşdirilmiş ifadəsidir. Çünki bu şanlı Qələbəmiz qətiyyətli siyasi iradənin, iqtisadi gücün, müstəqil siyasətin, güclü ordunun, vətənpərvərliyin və gənc nəslin milli ruhda tərbiyə olunmasının təqdimatıdır. "Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq» söyləyən cənab İlham Əliyev bildirdi ki, bir daha bu torpaqların sahibi olduğumuzu sübut etdik. Çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.
Yeganə Əliyeva, «İki sahil»