14 may 2025 15:17
102

Türkiyə cəmiyyətini parçalamaq cəhdləri uğursuzluğa məhkumdur - Ərdoğan

Separatçı terror təşkilatı PKK-nın darmadağın edilməsi və onun silahlı fəaliyyətinə son qoyulması qərarı ilə “Terrorsuz Türkiyə” hədəfinin reallaşması yolunda yeni səhifə açılıb. Bu mərhələ Türkiyədəki 86 milyon insanın ortaq gələcəyi naminə birlik, həmrəylik və qardaşlığın güclənməsinin rəmzidir.

“İki sahil” xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı əmin edib ki, terror kartından istifadə edərək Türkiyə cəmiyyətini parçalamaq cəhdləri uğursuzluğa məhkumdur.

“Türkiyə Cümhuriyyətinin bütün mövcud problemləri həll etmək üçün kifayət qədər iradəsi var. Bunu indi ölkəmizin həm dostları, həm də düşmənləri qəbul edir”, - deyən dövlət başçısı əlavə edib ki, AK Parti hakimiyyəti illərində terror problemini ölkə gündəmindən çıxarmaq yollarının axtarışını dayandırmayıb.

Onun sözlərinə görə, hökumətin problemlərin həlli ilə bağlı səmimi istəyi dəfələrlə sabotaj edilib. “Qırx ildən artıqdır ki, terrorla mübarizə zamanı ölkəmizin minlərlə sakini həlak olub, iqtisadiyyata çox ciddi ziyan dəyib. Vətəndaşların rifahına təkan ola biləcək trilyonlarla dollar terrorçulara qarşı mübarizəyə xərclənib. Yeni iqtisadi və sosial problemlərin yaranmasına səbəb də terror olub”.

Türkiyə Prezidenti daha sonra bildirib ki, terrorizm, zorakılıq və qeyri-qanuni fəaliyyət dövrü artıq başa çatıb. Siyasətçi PKK-nın Suriya və Avropa bölmələrinin qanlı təşkilatın özünü ləğvi prosesinə qoşulmasını “həyati əhəmiyyətli” adlandırıb.

Prezident Ərdoğan vurğulayıb ki, 86 milyon vətəndaşın istəkləri siyasi arenada ifadə olunmalıdır.