14 may 2025 12:07
80

Sektor müdiri: Media subyektlərində İT mütəxəssis çatışmazlığı var

Azərbaycandakı media subyektlərində informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərlə bağlı müəyyən çatışmazlıq var.

“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.

"İlkin məlumatlara əsasən, media subyektlərinin heç də hamısında İT mütəxəssislər tam şəkildə komplektləşməyib, hətta müəyyən qədər çatışmazlıqlar var. Belə hallar da ola bilər. Ancaq yenə bu suallara biz cavabı birlikdə tapmalıyıq və elə etməliyik ki, mediamızın fəaliyyətində hər hansı bir problem yaranmasın. Kontent tərəfi öz yerində, bu redaksiya siyasətidir, hər bir media orqanı özü bunu tənzimləyir. Ancaq onun texnoloji təminatında birlikdə iştirak etməliyik və buna dəstək verməliyik. Əgər ehtiyac yaranarsa, bu məsələlər ilə bağlı növbəti təlimlər də təşkil oluna bilər. Biz belə təlimləri keçirməyə hazırıq”, - deyə o qeyd edib.