Antalyada NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı (NATO iFMM) keçiriləcək.
“İki sahil” xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, 32 NATO müttəfiqinin təmsil olunacağı toplantı mayın 14-15-də Antalyada keçiriləcək.
NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşləri NATO sammitləri ərəfəsində müttəfiq nazirlər arasında əlavə mübadilələr üçün imkan yaradır. Bu çərçivədə 24-25 iyun tarixlərində Haaqada keçiriləcək “NATO Dövlət və Hökumət Başçıları Zirvəsi”nə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.
İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO baş katibi və digər yüksək səviyyəli NATO rəsmilərinin sabah axşam nazir Fidanın ev sahibliyi edəcəyi ictimai tədbirdə bir araya gəlməsi gözlənilir.
Şimali Atlantika Şurasının mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi gözlənilir.
Avropa təhlükəsizliyinin gələcəyi və transatlantik təhlükəsizlikdə yükün bölüşdürülməsinin nəzərdən keçirilməsi səyləri də görüşün prioritet gündəm bəndi olacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”