İkinci Dünya Müharibəsindən sonra AZƏRBAYCANDAN başqa heç bir dövlət müharibədə mütləq qələbə qazanmayıb!
Dövlət başçısı İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən bir daha bildirdi ki, sürətli bərpa işləri tezliklə bütün keçmiş köçkünlərin öz torpaqlarına qayıdacaqlarını göstərir
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən, onların yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir. Son beş ilin reallıqlarına qısa nəzər salsaq əsas çağırış olan Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi istiqamətində atılan addımların ölcüyəgəlməzliyinin şahidi olarıq. Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min məcburi köçkünün doğma yurd-yuvasına qayıdışıdır.
Dövlət başçısı İlham Əliyev mayın 10-da qayıdışın növbəti ünvanı olan Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. «Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir» söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, uzun illər ağır şəraitdə, ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu əzablı illər arxada qaldı. Keçmiş köçkünlər öz doğma torpağına qayıdır. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik. Ağdam şəhəri də artıq ərsəyə gəlir.
Bu il sakinlərinə qovuşacaq məkanlardan biri də Ağdam şəhəri olacaq. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Ağdam şəhərinə də səfəri Böyük Qayıdışın daha da sürətlənməsini təmin edəcək mühüm addımlarla zəngindir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Birinci Azərbaycan Milli Şəhərsalma Forumu Ağdam şəhərində keçirildi. Dövlət başçısı İlham Əliyev həmin forumun açılışındakı çıxışında bildirmişdir ki, Azərbaycan Milli Şəhərsalma Forumunu burada, Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik: «İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb… 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər… Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.» Həmin çıxışında dövlət başçısı İlham Əliyev onu da qeyd etmişdir ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi: «Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.»
Dövlət başçısı İlham Əliyev mayın 10-da Ağdam rayonuna səfəri zamanı Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının açılışında, kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış oldu. Bu tədbirlərdən sonra Ağdam Muğam Mərkəzinin açılışı oldu. Ağdamda Muğam Mərkəzinin ilk layihələrdən biri kimi inşa edilməsini mənəvi köklərə bağlılığımız kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, bizi millət, xalq kimi saxlayan musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. Kəngərli kəndi bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri bərpa edilərək sakinlərinə qovuşublar. Xıdırlı kəndi də açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq.
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə bu torpaqlara qayıdırlar. Bu, xalqımızın torpağa bağlılığının, yenilməzliyinin, məğrurluğunun bir daha nümayişidir.
Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun nümayişidir. Cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında qələbəmizin mütləq və tam olduğunu əsaslı şəkildə diqqətə çatdırdı.
Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ölkəmizin iqtisadi imkanlarının günbəgün artması bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bəyan etdi. Bu bəyanat da daim səsləndirilirdi ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan etdi.
Azərbaycan hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməklə yanaşı, bu çağırışı da edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə variantı istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında lazımi dərsi vermişdi. Amma düşmən bu dərsdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində törətdiyi hərbi təxribatla müharibənin baş verməsinə gətirib çıxardı. Azərbaycan Ordusunun 44 gündə imza atdığı tarixi Zəfər ölkəmizin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında bu məqamı xüsusi qeyd etdi ki, cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik. Əlbəttə ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi. Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir.
Məhz bu reallıqlara söykənərək cənab İlham Əliyev bildirdi ki, biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bəli, İkinci Dünya müharibəsindən sonra heç bir dövlət müharibədə mütləq qələbə qazanmayıb. Azərbaycan müharibəni müvəqqəti atəşkəs, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirib.
Dövlət başçısı İlham Əliyev ötən ilin martında Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, 20 sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi, universitetin müəllim və tələbə heyəti ilə görüşdü. Ötən il, eyni zamanda, Xocalı şəhərinin sakinlərinə qovuşması ilə yadda qaldı. Suverenliyimizin bərpasından ötən qısa zamanda görülən işlərin miqyası qayıdış prosesinin sürətində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin bu torpaqlara qaydıan sakinlərlə görüşü hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısı hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhrəmanlığından, şücaətindən, vətənpərvərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Dünya hərb tarixində 44 günlük müharibədə şanlı ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir: «Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.»
Azərbaycanın addım-addım hədəfə doğru irəliləməsində düşünülmüş siyasətin rolu xüsusi qeyd edilir. Bildirilir ki, bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycanda hakimiyyətə gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq və davamlı uğurlara imza atdıq. 2024-cü ilin uğurları 2025-ci ili də müsbət göstəricilərlə başa vuracağımıza əminlik yaratdı. Reallıq budur ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. Hər zaman çıxışlarında «İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var» söyləyən cənab İlham Əliyev qeyd edir ki, Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır: «Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var.»
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Suverenliyimizin bərpasından sonra qısa müddətdə görülən işlər soydaşlarımızın bu doğma torpaqlara qayıdışında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən bir daha bu xatırlatmanı etdi ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub. Onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı: «O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq… Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür.»
Yeganə Əliyeva, «İki sahil»