13 may 2025 02:58
86

Paşinyan odla su arasında…

Bu gün hələ də Qərblə Rusiya arasında manipulyasiya edən, arada ABŞ-ın sabiqləri Bayden-Blinken hakimiyyətinin baş sığallamasından arxayınlaşan Ermənistanda ölkədaxili vəziyyət yenidən gərginləşib. Fransadan, Hindistandan, Yunanıstandan davamlı silah-sursat almaqla, Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirdiyi Mülki Müşahidə Missiyasına güvənməklə təhlükəsizliyini təmin etdiyini zənn edən Ermənistan iqtidarının xalq arasında nüfuzu aşağı düşmüşdür.

2025-ci ilin yanvarında «Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında» qanun layihəsini təsdiqləməklə vətəndaşlar arasında fikir ayrılıqları yaradan baş nazir Nikol Paşinyan bu sahədə də istədiyinə nail ola bilmədi. Çünki məsələ ilə bağlı keçirilən sorğuda ölkə vətəndaşlarının mövcud hakimiyyətə münasibətinin Ermənistan iqtidarının gözlədiyi kimi olmaması, çoxluq arasında yaranan fikir ayrılıqları ölkədaxili gərginliyin qarşısıalınmaz həddə çatdığının göstəricisidir. İrəvan rəsmiləri arasında Kremlə inananlarla Qərbə ümid bağlayanların sayının eynilik təşkil etməsi də ciddi qarşıdurma yaradır. Başqa sözlə deyilsə, ölkənin xarici siyasətində strateji xətt təşkil edən Qərbyönümlük tam mənası ilə qəbul edilmir. Ermənistanda siyasi, iqtisadi böhranın daha da güclənməsi, bu ölkənin sabiq, korrupsioner prezidentləri Serjik Saakyanın və Robert Koçaryanın hakimiyyətə qayıdış istiqamətində göstərdikləri fəallıq da yaranan vəziyyətə əlavə olunsa Ermənistandakı böhranın ciddiliyini anlamaq çətin deyil. Ermənistanın coğrafi izolyasiyası, məhdud iqtisadi potensialı, getdikcə yüklənən xarici borcu və ixrac imkanlarının zəifliyi də nəzərə alınsa Paşinyan hakimiyyətini gözləyən təhlükənin mənfi nəticələri barədə təsəvvür yarana bilər. Ölkədə mövcud olan ən mühüm obyektlərin, iqtisdiyyatın aparıcı sahələrinin hələ də Rusiyadan asılılığı da yaranan vəziyyətə təsir göstərir. Son illərdə Qərbə meyillənən Ermənistanın Rusiyaya arxa çevirməsi ilə bu ölkəyə vurulan iqtisadi ziyanlar sosial sahədə ciddi böhranlar yaradıb. Qərblə Rusiya arasında manevr edən hərdəmxəyal Paşinyanın bu seçiminin ölkəni uçuruma aparması artıq təsdiqlənmiş reallıqdır. Bu baxımdan ölkədə baş nazirin istefasını tələb edən çağırışlara qoşulanların sayının artması təəccüb doğurmur. İllərdən bəri Rusiyanın kadrı kimi tanınan sabiq prezident Koçaryanı dəstəkləyənlərin sayının artması ölkədə hər an gözlənilən qarşıdurmaların yaxın gələcəkdə baş verəcəyi ehtimalını gücləndirir. Hazırkı şəraitdə Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü olsa da, təşkilatla əlaqəsini müvəqqəti məhdudlaşdıran rəsmi İrəvanın Aİ ilə yaxınlaşması, bir əldə iki qarpız tutmaq siyasəti nə Qərbdə , nə də Rusiyada qəbul olunmur. Tam ziddiyyət yaradan bu vəziyyət təbii ki, heç bir təşkiat, qüvvə tərəfindən dəstəklənmir. Ukrayna müharibəsi ilə bağlı Qərblə Rusiya arasında yaranan ziddiyyətlər də Ermənistanı dalana məhkum edir. Aİİ-nin təqdim etdiyi iqtisadi üstünlükləri saxlamaqla Aİ-dən müxtəlif sahələr üzrə texnoloji və maliyyə yardımları almağa çalışan rəsmi İrəvan nə qədər etiraz etsə də, hələ də işğalçı ölkənin əsas ixrac bazarı Rusiyadır. İki fərqli blok arasında balans yaratmağa çalışan hiyləgər Paşinyanın «nə əldən qoyur, nə yardan doyur» məsəlinə uyğun seçimi siyasi səriştəsizliyin, ələbaxlığın nəticəsidir.

Hazırda yaranan vəziyyətdən narahat olan ölkə əhalisinin Paşinyanla bağlı impicment çağırışları güclənməkdədir. Azərbaycanın təklif etdiyi sülh müqasiləsi ilə bağlı şərtlər barədə də tam fikrini bildirməyən, havadarlarının məsləhətləri ilə hərəkət edən Paşinyan hələ də yaranan vəziyyətin ciddiliyini nəzərə almayaraq xüsusilə Fransanın artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun bərpası ilə bağlı cəhdlərinə sadəlövhcəsinə ümid bəsləyir. Azərbaycan isə Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları kimi beynəlxalq güclərlə da əməkdaşlıqda, Qərbdən Mərkəzi Asiyaya qədər mövcud olan ərazidə uzunmuddətli tərəfdaşlığın qurulmasında maraqlıdır. Günümüzün reallığı olan Azərbaycanın mövqeyi nəzərə alınmadan bölgədə siyasi proseslərin qiymətləndirilməsinin mümkünsüz olduğunu rəsmi İrəvan da , havadarları da qəbul etməlidirlər. Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən qüvvələr aydın dərk etməlidirlər ki, təxribatlar, hadisələrə qərəzli yanaşmalar uğurla nəticələnməyəcək. 

«Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, «böyük Ermənistan»” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir» sözləri ilə rəsmi İrəvanı başqalarının yalançı vədlərinə arxayınlaşmamağı tövsiyə edən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanası ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın bərpasına heç bir maneə qalmayacaq: «Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır.» Sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq.

ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini rəsmi qəbul etmək istəməyən Ermənistan bu məslədə də uduzur. Guya Qarabağ münaqişəsi ilə bağlı məsələləri həll etmək, əslində isə Ermənistana dəstək naminə yaradılan Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmır. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəsi ilə torpaqlarını Ermənistanın işğalından azad , 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri ilə suverenliyini tam təmin edən Azərbaycanın ermənipərəst qurumun varlığına ehtiyacı yoxdur. Rəsmi İrəvanın revanşist dairələrinin bilərəkdən yaydıqları guya Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə mülahizə və ittihamları da əsassızıdr. Çünk Cənubi Qafqazda sabitliyin bərpası Azərbaycanın xarici siyasətinin, bölgədə yaratdığı yeni reallıqların əsas istiqamətidir.

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada təşkil olunan hərbi paradda Rusiyanın Prezidenti Vladimir Putinin Paşinyana «yerini göstərməsi» isə Ermənistanın baş naziri Paşinyana Qərb qulaqburması xəbərdarlığı idi.

Xuraman İsmayılqızı, «İki sahil»