Türkiyə artıq xeyli vaxtdır ki, tək regionda deyil, dünyada əsas aktorlardan biridir.
“İki sahil” xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli bildirib.
Həsənli hesab edir ki, son günlər dünyada baş verənlərin ağırlıq mərkəzi Türkiyədir. “Təsadüfi deyildi ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqların məhz Türkiyədə keçirilməsini istədi. Türkiyə lideri Rəcəb Tayib Ərdoğan bu görüşə ev sahibliyi etmək üçün hazır olduğunu bildirdi. Və artıq Ukrayna lideri Vladimir Zelenski də Türkiyədə keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib. Maraqlı cəhət odur ki, liderlərin hər biri, həm Putin, həm də Zelenski Türkiyədə görüş üçün heç bir ilkin şərt irəli sürmür. Hətta Ukrayna prezidenti bildirib ki, Rusiya təklif olunan 30 günlük atəkəsə razı olmasa belə Türkiyədə görüşün keçirləməsinə hazırdır. Bu hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir”.
Hərbi ekspert bundan əvvəl də Türkiyənin Rusiya və Ukrayna arasında heç bir əlavə şərt irəli sürmədən “taxıl sazişinə” nail olması ona olan inamdan irəli gəlirdi.
“Hər iki tərəf, həm də bütün dünya liderləri anlayırdı ki, əgər bir sənədə Türkiyə və onun lideri Rəcəb Tayib Ərdoğan təminat verirsə bu yerdə əlavə sözə ehtiyac yoxdur. Bu gün dünyanın Ukrayna ətrafındda baş verənlərə münasibətdə iki yerə parçalanması şəraitində NATO üzvü olan bir ölkənin belə neytral mövqe ortaya qoyması və hamını inandıra bilməsi diplomatik “master klas” hesab oluna bilər.
Birlik sədri Suriya böhranında da Türkiyənin önəmli aktor olduğun yada salıb.
“Təsadüfi deyildi ki, Prezident Tramp İsrailin baş naziri ilə görüşdə Suriyada böhranının çözülməsində Türkiyə Prezidentinin liderliyini vurğulaması situasiyanın aydınlaşdırılması baxımından çox önəmli idi. İndi bütün dünya bilir ki, Suriyada qurulacaq yeni düzəndə Türkiyə əsas söz sahibidir. Və bu söz sahibliyi Suriyaya sabitlik və inkişaf üçün əsas qarantdır”.