10 may 2025 14:01
85

Samir Nuriyev: Fəal xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənib

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev beynəlxalq birliyin laqeydliyi və selektiv yanaşması fonunda Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün güc amilinin önəmini aydın görmüş, müasir və güclü dövlət quruculuğunu, milli həmrəyliyin təmin edilməsini, ölkənin bütün resurslarının vahid məqsəd uğrunda səfərbər olunmasını həyata keçirdiyi siyasətin başlıca istiqamətləri kimi müəyyənləşdirmişdir.

“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.

Samir Nuriyev bildirib ki, buna görə də 2003-2020-ci illərdə bütün sahələrdə dərin islahatlar həyata keçirilib, Azərbaycan sürətli və dinamik inkişaf edib, əhalinin rifahı əsaslı şəkildə yüksəlib, cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib. Fəal xarici siyasət sayəsində ölkəmizin strateji tərəfdaşlıq münasibətləri, beynəlxalq əlaqələri genişlənib və zənginləşib, onun dünyada nüfuzu böyük dərəcədə yüksəlib. Hərbi quruculuq işləri daim diqqət mərkəzində olub, ölkəmizdə müdafiə sənayesi formalaşdırılıb, Azərbaycan Silahlı Qüvvələri öz potensialına görə dünyanın aparıcı orduları sırasında layiqli yer tutub. Ən əsası, cəmiyyətdə birlik, həmrəylik hökm sürüb, torpaqlarımızın işğaldan azad olunması hamı üçün başlıca vəzifəyə çevrilib.