10 may 2025 12:40
90

Hərbi qulluqçulara daimi mənzillər verilib

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğumuzun bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu gün keçdikcə qüdrətlənməkdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.