10 may 2025 00:55
108

Şimali Kiprdə Heydər Əliyev irsi mövzusunda konfrans keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsi bütün türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün biz dərin ehtiramla cəsarət, təcrübə və uzaqgörənlik sahibi olan görkəmli dövlət xadimini, əsl lideri yad edirik.

“İki sahil” xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Şimali Kiprdəki Lefke Avropa Universitetində keçirilən “Böyük lider Heydər Əliyev: keçmişdən gələcəyə – liderlik və baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.

Şimali Kipr Universiteti tərəfindən Şimali Kiprdə Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Azərbaycanın dövlətçilik memarı olan Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Prezident Ersin Tatar çıxışında Azərbaycanla münasibətlərin ardıcıl inkişafını yüksək qiymətləndirib, Şimali Kiprin ədalətli mövqeyinə dair Prezident İlham Əliyevin mövqeyini xüsusilə əhəmiyyətli adlandırıb.

Siyasətçi Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması ilə bağlı Azərbaycanın töhfəsini xüsusi qeyd edib. “ŞKTC Türk dünyasının Aralıq dənizindəki “pəncərəsidir”. Biz Türk dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafına hazırıq”, – deyə siyasətçi bildirib.

Daha sonra çıxış edən ŞKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı Azərbaycanı “türk dünyasının parlaq ulduzu” adlandırıb.

Onun sözlərinə görə, Azərbaycanın uğurlarının əsası Heydər Əliyevin strateji baxışı və uzaqgörən addımları ilə qoyulub. “Əminəm ki, nəqliyyat və logistika sahəsində həyata keçirilən yeni genişmiqyaslı layihələr Azərbaycan və Türkiyənin strateji üstünlüyünü möhkəmləndirəcək”, – deyə E.Arıklı bildirib.

Avropa Universitetinin rektoru, professor Mehmet Ali Yükselen də Azərbaycanın Ümummilli Liderinin irsinin əhəmiyyətindən danışıb.

O, Heydər Əliyevi Türk dünyası tarixində dərin iz qoymuş lider adlandırıb. “Heydər Əliyev həyatını xalqına həsr edib. Onun baxışı, qətiyyəti və zəkası bütün dünya üçün nümunədir”, – deyə professor Yükselen bildirib.

Daha sonra Milli Məclisin deputatları Razi Nurullayev və Vüqar Rəhimzadə Ümummilli liderin Azərbaycanın quruculuğu və inkişafındakı tarixi rolundan danışıblar.