Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ölkəmizin Əlcəzairdəki səfirliyində tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Tədbirdə səfir Tural Rzayev Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, dünya tarixindəki rolundan, həyat və fəaliyyətindən ətraflı söhbət açaraq, Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş fotosərgiyə tamaşa ediblər. Tanınmış əlcəzairli professor Yusif Hurinin müəllifi olduğu, Əlcəzairdə ərəb və fransız dillərində çapdan çıxmış “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev” kitabları ilə tanış olublar. Tədbir iştirakçıları daha sonra Ümummilli Liderin həyatı və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar. Tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri, bu ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və Əlcəzair vətəndaşları iştirak ediblər.
Eyni zamanda, Əlcəzairin “alharir.info”, “El Fanek El Arabi”, “elmindharnews.dz” xəbər portallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında məqalələr yayımlanıb.