“Konstitusiya və Suverenlik İli” çərçivəsində SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi və YAP Sumqayıt şəhər təşkilatının birgə ağacəkmə aksiyası keçirilib
“İki sahil” xəbər verir ki, Sumqayıtda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi və Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
Ekoloji aksiya çərçivəsində YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli, YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və könüllülər fəal iştirak ediblər.
Tədbir zamanı 2000 ədəd müxtəlif növ dekorativ ağac tingləri əkilib, ağacların suvarılması təmin olunub və ərazidə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Qeyd olunub ki, bu aksiya Yeni Azərbaycan Partiyasının ölkə üzrə həyata keçirilən yaşıllaşdırma və ekoloji təşəbbüslərə verdiyi ardıcıl dəstəyin növbəti nümunəsidir. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların salınması və ekoloji sabitliyin qorunması hər zaman prioritet istiqamətlərdən biri olub. Yeni Azərbaycan Partiyası da bu ali dəyərləri əsas tutaraq Ulu Öndərin qoyduğu ənənəni layiqincə davam etdirir.
Bu cür təşəbbüslər ölkəmizin suverenliyinin və sabitliyinin möhkəmləndirilməsi fonunda dayanıqlı inkişaf və sağlam ətraf mühitin təmin olunmasına mühüm töhfə verir.