08 may 2025 13:15
105

YAP Sabunçu rayon təşkilatında şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Gənclər Mərkəzi və “Ağ At” şahmat klubunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şahmat turniri keçirib.

“İki sahil” xəbər verir ki,  Blits sistemi üzrə keçirilən turnirdə 10-14 yaş qruplarını əhatə edən 24-ü qız, 24-ü oğlan olmaqla ümumilikdə 48 nəfər iştirak edib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Araz Xudadanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Bu proses indi də davam edir və şahmatın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tuturlar. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə qaldırılır, Dövlət Himni səsləndirilir.

Turnirdə birinci yeri 94 saylı tam orta məktəbin şagirdi Əsnad Vəliyeva, ikinci yeri 10 saylı internat məktəbinin şagirdi Səbirə Muradlı, üçüncü yeri isə 96 saylı tam məktəbin şagirdi Fərid Sadıqzadə tutub, qızlar arasında ən yüksək nəticəni əldə edən 81 saylı tam orta məktəbin şagirdi Dinara Hüseynova olub.

Tədbirin sonunda turnirin qaliblərinə diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilib.