06 may 2025 16:00
136

Qusarda şəhid Nəcəf Balaqadaşov adına "Nəcəf idman klubu"nun üzvləri təlim-məşq toplanışı keçirib - FOTO/VİDEO 

Azərbaycan Kikboksinq federasiyasının şəhid Nəcəf Balaqadaşov adına "Nəcəf idman klubu" yaradılmasının ilk ilinin həsr olunmuş təlim-məşq toplanışı təşkil edilib. Bu barədə İki sahil in Şimal bürosundan məlumat verilib.

Təlim-məşq toplanışınının məqsədi idmana həvəs, yeniyetmə və gənclərin ictimai fəallığının artırılması, narkotik vasitələrə meylliliyin ləğvi, sağlamlığı və vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. 

Tədbirdən öncə klubun rəhbəri məşqçi İnsaf Abdullayev və üzvləri Ümummilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsinin və rayonun Bala Qusar kəndindəki Birinci Qarabağ müharibəsində şəhid olmuş Nəcəf Balaqadaşovla Sərvər Abdulkərimovun məzarları üzərinə tər gül dəstələri qoyublar. 
Şəhid Nəcəf Balaqadaşovun qardaşı Günəş Balaqadaşov qardaşının xatirəsini əbədiləşdirdiyinə görə, klubun rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışından əvvəl Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

1 ildir fəaliyyət göstərən klub ilk səkkiz ay ərzində şəhid Sərvər Abdulkərimovun adını daşıdığı məktəbin idman zalında fəaliyyət göstərib. Son dörd ayı isə Qusar Olimpiya İdman Kompleksinin rəhbərliyinin yaratdığı şərait sayəsində burada fəaliyyət göstərir. 
Təlim-məşq toplanışı maraqlı kadrlarla yadda qalıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində şəhid olmuş Nəcəf Balaqadaşovla Sərvər Abdulkərimovun xatirələri Qusar rayonunda əbədiləşdirilib. 

Aydın Adıgözəlov,
Qusar, "İki sahil" üçün