02 may 2025 21:37
229

Beyləqanda yunan-roma güləş idman növü üzrə rayon birinciliyi keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında yunan-roma güləş idman növü üzrə rayon birinciliyi keçirildi.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.

Beyləqan Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov turnirinin iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Ümummilli Liderin gənclər və idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Müşfiq Səfərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yarışın əhəmiyyətindən söz açaraq idmançılara uğurlar arzulayıb.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov çıxış edərək idmançılara uğurlar arzulayıb və yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, yeniyetmə və gənclər arasında yunan-roma güləş idman növünə marağın artırılması, yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi, idmanın kütləviliyinin artırılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirdə yunan –roma güləşi üzrə ümumilikdə 21 çəki dərəcəsi ilə müxtəlif yaş quruplarında 95 yeniyetmə və gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda ilk 3 yerin qalibi (1-ci, 2-ci, 3-cü yerlər) müvafiq diplomlar, medallar və hədiyyələrlə təltif edilib.