02 may 2025 17:15
148

ATİİTA və Cüdo Federasiyası arasında əməkdaşlıq müzakirə edilib

Mayın 2-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığa dair görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının Layihələr üzrə meneceri Ceyhun Rəhimov və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər arasında keçirilən müzakirələrdə cüdo idman növünün inkişaf etdirilməsi, ortaq sosial və idman layihələrinin icrası, birgə çempionat və turnirlərin təşkili, təlim-məşq toplanışları və gənclərin bu idman növünə marağının artırılması məsələləri müzakirə olunub.

Görüş zamanı Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Ceyhun Rəhimov bildirib: “Federasiya olaraq cüdonun ölkədə kütləviləşməsi və gənclər arasında sağlam həyat tərzinin formalaşması üçün çalışırıq. AHİİTA ilə əməkdaşlıq bu məqsədlərə çatmaqda mühüm rol oynayacaq.”

AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımov isə çıxışında qeyd edib: “Biz həmkarlar arasında sağlam həyat tərzinin təşviqində cüdo idman növünə xüsusi önəm veririk. Azərbaycan Cüdo Federasiyası ilə birgə həyata keçiriləcək layihələr həm idmanın inkişafı, həm də gənc nəslin düzgün istiqamətləndirilməsi baxımından dəyərli olacaq.”

Görüş, tərəflər arasında gələcəkdə yerli və beynəlxalq arenalarda uğurlu birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.