02 may 2025 10:22
186

Bu səfər münasibətlərin inkişafında çox önəmli rol oynayacaq 

 

Cari il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri İranla Azərbaycan arasındakı münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyinin sübutudur. Xalqlarımız əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. Hər iki ölkə başçısının səmimi şəraitdə bir araya gəlməsi, öz fikirlərini bildirməsi və bir çox önəmli sənədlərin imzalanması Azərbaycanla İran arasında strateji münasibətlərinin şəffaf və yüksək səviyyədə olduğunu təsdiq edir.
İran Azərbaycan Respublikasının müstəqilliyini hələ 1991-ci il dekabrın 25-də tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 12-də qurulub. Azərbaycanla İran arasındakı mehriban qonşuluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələr hər zaman mövcud olub və hazırda da bu münasibətlər davam edir. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki ölkə münasibətlərinin bütün sahələri üzrə inkişafı üçün zəmin yaradır. Bu gün həm də ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
İranla Azərbaycan, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. Dünyanın ən önəmli təşkilatlarından olan BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər bir çox təşkilatlar çərçivəsində İranla Azərbaycan daim bir-birinin yanındadır. Yəni, hər iki ölkənin məramı və məqsədi dostluq, əməkdaşlıq və strateji münasibətləri inkişaf etdirməklə dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bu iki ölkə arasında qəbul edilən qərarlar dövlətlərarası əlaqələri yüksələn xətlə aparacaq.
Prezidentlərin görüşü zamanı edilən müzakirələrdə vacib məqamlardan biri də üçtərəfli əməkdaşlıq layihələridir. Bunlardan Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə iştirakçıları olan ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində sözügedən nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Həm dəniz limanı, həm dəmir yolu, həm də avtomobil nəqliyyatı imkanlarını genişləndirməklə, böyük sərmayə qoyuluşu layihələrinə başlayıb.
Ölkələrimiz arasında humanitar və mədəniyyət sahələrində də ənənəvi dostluq əlaqələri davam edir. Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də mümkündür. Xalqlarımızın tarixi və mədəniyyəti ortaqdır, əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşamışlar.
İran Prezidentinin Azərbaycana səfəri ölkələrimizin münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq. Xüsusilə ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmama kimi prinsiplər hər iki ölkənin prioritetlərindəndir.
Bu gün həm də Azərbaycanla İranın parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Ölkələr arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir.
Ölkə rəsmiləri arasında imzalanan bir sıra mühüm sənədlər, o cümlədən “2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, “2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”, “Media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” və bu kimi digər sənədlər hər iki dövlətin anlaşıqlı münasibətlərinin, iqtisadi, siyasi, mədəni və strateji əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin təzahürüdür.
Hesab edirəm ki, Azərbaycanla İran həqiqətən regionda siyasi və iqtisadi gücə malik olan dövlətlərdir və hər iki dövlət öz suverenliyinin qorunması, xalqının rifahının və ölkənin iqtisadi vəziyyətinin artması üçün bu qüvvələrini bir araya gətirərək, əlaqələrini gücləndirərək daha da inkişaf etməyə doğru addımlayır.
Milli Məclisin deputatı  Pərvanə Vəliyeva