Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. "Əkinçi"dən başlanan mətbuat tariximizə nəzər salsaq görərik ki, ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.
Milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı imzalanan Sərəncamın əhəmiyyətini “İki sahil”ə şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, Azərbaycan Prezidentinin milli mətbuatın 150 illiyi ilə bağlı Sərəncamı ənənəyə sadiqliyin nümayişidir: “Çünki həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının ən böyük dəstəkçisi olublar. Mətbuat Şurasının və Azərbaycan jurnalistlərinin keçirdikləri sorğularda da dəfələrlə Azərbaycan Prezidenti “Jurnalistlərin dostu” seçilib və cənab Prezident bu dostluğu jurnalistlərə olan münasibətində hər zaman göstərib. Ölkə Prezidentinin mətbuata qayğısı, diqqəti və Azərbaycan naminə mətbuatın savadlanması, media savadlılığı ilə bağlı direktivləri də, əslində, dövlət başçısının milli mətbuata olan münasibətinin açıq göstəricisidir.”
Aqil Ələsgər hesab edir ki, Prezidentin son Sərəncamı da Azərbaycan mətbuatının 150 illiyinə çox ciddi bir töhfə olacaq: “Onu da deyim ki, bu qərar həm də Azərbaycan mətbuatının inkişafına olan öhdəliyin təzahürüdür. Cənab Prezident İlham Əliyevin mətbuata göstərdiyi dəstək yalnız mətbuat işçiləri deyil, bütövlükdə cəmiyyət üçün də böyük əhəmiyyət kəsb edir. Media sahəsində aparılan islahatlarla, habelə jurnalistlərin hüquqlarının qorunması ilə bağlı atılan addımlarla Azərbaycan mətbuatı daha müasir və peşəkar səviyyəyə yüksəlməyə yönəlib.”
“Yeni Çağ” Media Qrupunun rəhbəri vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı dünyada baş verən mühüm hadisələri izləyən, peşəkar jurnalistləri ilə regionda öz mövqeyini gücləndirən bir qüvvəyə çevrilib: “Jurnalistlərimiz Azərbaycan xalqının maraqlarını qoruyaraq, doğru və dürüst məlumatı cəmiyyətə çatdırmaq üçün yorulmadan çalışırlar. Bu sahədə əldə olunan nailiyyətlər məhz cənab Prezidentin rəhbərliyi altında baş verən inkişafa, media sahəsindəki islahatlara, habelə jurnalistlərə olan diqqət və qayğıya əsaslanır. Cənab Prezidentin mətbuatla bağlı verdiyi qərarlar həm də media azadlığını daha da möhkəmləndirir, müstəqil mətbuatın əhəmiyyətini bir daha vurğulayır. Gələcəkdə Azərbaycan mətbuatının daha da güclənməsi, ölkəmizin dünyada nüfuzunun artırılması, mətbuatın cəmiyyətdəki rolunun daha da gücləndirilməsi istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bu işlər davam edəcək. Odur ki, bu qərar təkcə mətbuat işçiləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı və dövlətinin inkişafı üçün çox önəmli bir addım olaraq tarixə keçəcək.”
Orxan Vahidoğlu, “İki sahil”