Aprelin 29-da respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“İki sahil” xəbər verir ki, bu gün 15 ailə olmaqla 68 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Ballıcaya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli Ballıcaya köç edən sakinlərə yeni evlərində xoşbəxt həyat arzulayıb. Bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.