29 aprel 2025 13:06
225

Azərbaycan- Çin strateji tərəfdaşlığı yeni mərhələdə 

Çinə səfəri zaanı Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə diqqət çəkən mühüm məqamlar var idi. Xüsusilə, müsahibədən də aydın görünürdü ki, iki ölkə arasında yalnız hökumətlər səviyyəsində deyil, xalqlar arasında da ciddi dostluq bağları var. Ölkəmizin başçısının sözləri ilə desək, liderlər və hökumətlər dost ola bilər, lakin xalqlar arasında da dostluq və yaxınlıq olmadan bu əlaqələr tam mənada uğurlu sayılmaz. Bu kontekstdə viza rejiminin tamamilə aradan qaldırılması tarixi hadisədir.

Ölkəmiz 2024-cü ildə birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə qarşılıqlı rejim tətbiq olunur və artıq Azərbaycan vətəndaşları sadəcə bilet alaraq Çinə səfər edə bilirlər. Bu, turizmin və mədəni mübadilələrin inkişafı üçün geniş imkanlar yaradır. Prezidentin qeyd etdiyi kimi, əgər 150 milyon çinli turistin cəmi 1 faizi Azərbaycana gəlsə, bu, ölkənin turizm sektoru üçün böyük dönüş nöqtəsi olar. Eyni zamanda, təhsil və elm sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Hazırda hər iki ölkədə 100-dən çox tələbə qarşı tərəfdə təhsil alır. Prezidentin Azərbaycan-Çin Universitetinin yaradılması ideyasını irəli sürməsi isə bu sahədə əməkdaşlığın institusional səviyyəyə keçəcəyindən xəbər verir. Azərbaycanın Çin mədəniyyətinə və inkişaf modelinə göstərdiyi hörmət də diqqətəlayiqdir.

Dövlətimizin rəhbəri Çin liderinin təvazökarlığını və dünya siyasətindəki mövqeyini yüksək qiymətləndirir. O, Sədr Sinin təşəbbüslərini- xüsusilə inkişaf, təhlükəsizlik və sivilizasiyalar üzrə təşəbbüsləri dəstəkləyərək, Azərbaycanın bu istiqamətlərdə də fəal tərəfdaş olduğunu göstərir. Beləliklə, bu səfər və müsahibə xalqlar arasında daha sıx, qarşılıqlı hörmətə əsaslanan və gələcəyə yönəlik bir tərəfdaşlıq mədəniyyətinin formalaşmasına ciddi töhfə verdi. Xalqlararası yaxınlaşma və ortaq sivilizasiya baxışı bu gün çox vacibdir. Səfər zamanı Prezident Əliyev xalqlar arasında münasibətlərin önəmini vurğulayaraq deyi: « Çin lideri Si Cinpinin onu «Çinin yaxın dostu» adlandırması onun üçün xüsusi mənəvi dəyər daşıyır: “O, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm... Onunla görüşmək hər zaman xoşdur.»

İki dövlət arasındakı isti münasibətlər yalnız dövlət başçıları arasında deyil, xalqdan xalqa münasibətlərin inkişafı baxımından da əlamətdardır. Viza rejiminin aradan qaldırılması bu istiqamətdə atılan böyük addımdır: «Biz birtərəfli qaydada Çin vətəndaşları üçün viza rejimini ləğv etdik. Bu gün isə qarşılıqlı olaraq tamamilə vizasız rejimə keçdik.» Eyni zamanda, Prezident təhsil və mədəniyyət sahəsində əlaqələrin genişlənməsinə toxunaraq, gələcəkdə Azərbaycan-Çin Universitetinin yaradılmasını təklif etdi: “Mən ümid edirəm ki, biz gələcəkdə Azərbaycan-Çin Universiteti yaradacağıq. Bu, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirəcək.»

Dostluq münasibətlərində önəmli yer tutan mühüm sahə isə humanitar əlaqələrdir. Məhz bu ünasibətlərin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizin başçısı sözügedən müsahibədə  bunu minnətdarlıqla xatırlatdı: «Atam Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu... Əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycan-Çin münasibətlərinə görə qürur duyardı.» Bu gün Azərbaycanla Çin arasında turizm, təhsil və mədəni inteqrasiya da inkişaf xətti ilə davam edir. Dediyim kimi Azərbaycan-Çin münasibətləri yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində də ciddi addımlar atılır.

Azərbaycanla Çin arasında münasibətin dinamikasın tam əks etdirən müsahibədə Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır: « Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri