29 aprel 2025 15:44
181

Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmlənməsi üçün bütün imkanlar mövcuddur

Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini görürük. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Cənab İlham Əliyevin keçirdiyi görüşlər, Çinin Sinxua agentliyinə və CGTN (China Global Television Network) telekanalına müsahibəsi iki ölkənin böyük tarixə söykənən münasibətlərinin təqdimatında öz sözünü dedi. Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib.

Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin  Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü oldu. Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə xüsusi diqqət göstərildi. Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.  Prezident İlham Əliyevin Çinə dövlət səfəri və səfər zamanı imzalanmış sənədlər münasibətlərimizi yeni mərhələyə yüksəldir.

Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN  televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Dövlətimizin başçısı müsahibədə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmasını xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı  Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Dövlətimizin başçısı müsahibədə vurğulayıb: “Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik”.

Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Onu da qeyd edək ki, dövlət başçısının Çinə səfəri zamanı imzalanan 20-dək sənədin 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycan-Çin münasibətlərinin inkişafında iqtisadi amil mühümdür. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.  Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Eyni zamanda, Çin regionumuzda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Müsahibədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının önəmini vurğulayıb. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir.

Beləliklə, Pekində Çin televiziya kanalına verdiyi müsahibədə dövlətimizin başçısı iki ölkə arasında qarşılıqlı münasibətlərdən bəhs etməklə yanaşı, nəzərdə tutulan yeni layihələrin, imzalanan sənədlərin perspektivlərindən söz açıb.  Hər iki ölkənin uğurlu siyasəti daim yeni-yeni hədəflərə yol açır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri