Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından artıq 33 il ötür. Bu dövr ərzində qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr ardıcıl şəkildə inkişaf edərək, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qədim tarixi köklərə əsaslanan bu münasibətlər müasir dövrdə siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə geniş vüsət alıb.
Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, bu gün Azərbaycan və Çin arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin Çinə rəsmi səfərləri, beynəlxalq tədbirlərdə Çin liderləri ilə görüşləri iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da möhkəmləndirib. 2024-cü ilin iyul ayında Astanada keçirilən görüşdə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlib. Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Liderlərin siyasi iradəsi Azərbaycan və Çin arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün güclü stimul yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri və Çinin CGTN telekanalına verdiyi müsahibə, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyev CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır.
Deputat diqqətə çatdırıb ki, İkitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 4-cü yerdə qərarlaşıb. Bu günə qədər Azərbaycanda Çin kapitallı 275 şirkət fəaliyyət göstərir. Bu şirkətlər sənaye, informasiya texnologiyaları, enerji, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və infrastruktur layihələrinə Çin şirkətləri də maraq göstərir. Məsələn, “Huawei” şirkəti artıq bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Azərbaycan-Çin əməkdaşlığının ən son və dinamik istiqamətlərindən biri yaşıl enerji sahəsidir. Azərbaycanın yaşıl enerji strategiyası çərçivəsində ölkəmiz 2030-cu ilə qədər enerji istehsalının əhəmiyyətli hissəsini bərpaolunan mənbələrdən təmin etməyi qarşıya məqsəd qoyub. Çin bu sahədə qabaqcıl texnologiyalara malik olması ilə tanınır. Bu baxımdan iki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığı həm texnoloji transfer, həm də enerji təhlükəsizliyi baxımından qarşılıqlı maraqlara əsaslanır.
K.Bayramov əlavə edib ki, Azərbaycan-Çin münasibətləri təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də strateji və qlobal təhlükəsizlik müstəvisində mühüm əhəmiyyət kəsb edir. Tarixi köklərə söykənən bu münasibətlər müasir çağırışlar fonunda qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub və bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir. Azərbaycan və Çin qarşılıqlı hörmət, etimad və dostluq əsasında qurulmuş bu əlaqələri gələcək nəsillər üçün davamlı və faydalı əməkdaşlıq modelinə çevirirlər.