26 aprel 2025 17:44
130

COP simulyasiya konfransı çərçivəsində Xankəndi Gənclər Paktı imzalanacaq

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq COP simulyasiya konfransı” təşkil olunub. 

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  Azərbaycan Xarici İşlər Nazirliyi, Elm vəTəhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkləri təmsil edən 60 gənc nümayəndənin qatıldığı beynəlxalq tədbirin açılış mərasimində Azərbaycanın Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Elm və Təhsil nazirinin aparat rəhbəri Mətin Kərimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər. 

Natiqlər Azərbaycan COP29 sədrliyinin ilk milli tədbirinin məhz azad edilmiş Xankəndində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.

Daha sonra Konfransın açılış mühazirəsi ilə AR XİN Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim qovşağı sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyəti üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Azərbaycan ərazilərinin işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını vurğulayan səfir münaqişənin həll olunmasının ümümbəşəri əhəmiyyətli bu unikal təbiət güşəsinin də ekoloji baxımdan qoruma altına alınması üçün yol açdığını bildirib.

İki gün ərzində davam edəcək tədbirdə gənc iştirakçılar işçi qruplara bölünərək qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar. 

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun, eləcə də Xankəndi Gənclər Paktının imzalanacağı planlaşdırılır.