Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb.
"Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır", - deyə dövlət başçısı qeyd edib.
Prezident proaktiv olmağa, yəni öncədən tədbir görməyə davam etməyin vacibliyin də vurğulayıb:
"Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim".
Azərbaycan lideri onu da diqqətə çatdırıb ki, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri Azərbaycan üçün vacibdir:
"Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” sizin dediklərinizi tam əks etdirir. Bununla yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük".