25 aprel 2025 21:56
122

İkitərəfli əlaqələr yeni müstəviyə yüksəlir - Azərbaycan-Avropa İttifaqı

Milli maraqların təmin eilməsinə yönəlik daxili və xarici siyasəti ilə beynəlxalq münasibərlər sistemində mövqeyini və nüfuzunu gündən-günə gücləndirən Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Açığını deyək ki ki, son illər qarşıqlıqlı münasibətlərdə durğunluğun müşahidə olunmasına baxmayaraq bu gün Azərbaycanın Aİ ilə ikitərəfli əlaqələri yeni müstəviyə yüksəlir. Artıq Avropa dərindən anlayır ki, Qərblə Qlobal Cənub arasında etibarlı körpü rolunu oynayan, nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinin müəllifi və ən böyük maliyyə dəstəkçisi olan, regionda investisiyalar üçün ən cəlbedici məkan kimi tanınan, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə regionda yeni reallıqlar yaradan, bölgədə bütün kommunikasiyaların açılması üçün ciddi addımlar atan Azərbaycan “qoca qitə” üçün yüksək potensiala malik olan ölkədir. Bu mənada Avropa İttifaqı Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edərək ölkəmizin Xəzər və Qara dəniz regionlarında oynadığı rolu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki yerini yüksək qiymətləndirir, əvvəllər mövcud olan stereotiplərdən və yanaşmalardan geri çəkilir.

Prezident İlham Əliyevin aprelin 25-də Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən aparılan fikir mübadiləsi Azərbaycan- Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaş olduğunu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcudluğunu vurğulayan dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğuladı ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirməsi bunun əyani təsdiqidir. Aİ-nin yüksək səviyyəli rəsmisinin ölkəmizə səfəri ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının və mövcud əlaqələrin yüksək səviyyəyə qaldırlmasının göstəricisi kimi dəyərləndirilməlidir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında bildirib ki, doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

Bütün bunların fonunda xanım Kaya Kallasın Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulaması, eləcə də nəqliyyat-kommunikasiya bağlantıları ilə bağlı ölkəmizin çox mühüm regional bir dövlət olmasını, vacib geosiyasi məkanda yerləşməsini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etməsini xüsusilə qeyd etməsi çox diqqətçəkicidir.

Bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan indiyə kimi Aİ ilə birgə müxtəlif proqramlar və layihələri də uğurla reallaşdırıb. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq və bu kimi məsələlər öz əksini tapıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan ölkəmiz qitədə təchizatın coğrafiyasına görə birinci yeri tutur.

Azərbaycan Avropanın qaz təchizatının şaxələndirilməsi istiqamətindəki səylərini daim dəstəkləyib. Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ölkəmizlə Aİ arasında uğurlu və səmərəli dialoq mövcuddur. Artıq 4 ildir ki, fəaliyyət göstərən Cənub Qaz Dəhlizi Avropanın qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Aİ-nin 8 üzvünü qazla təchiz edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə tərəflər arasında ticarət dövriyyəsi 20 milyard dollar təşkil edib.

Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Xəzər dənizində külək enerjisinin böyük potensialı və bu enerjinin Trans-Xəzər yolu ilə Avropaya ötürülməsi planları göstərir ki, Azərbaycan və Aİ təkcə qazla kifayətlənmir, daha geniş və gələcəyə yönəlmiş enerji planları qururlar.

Bütün bunlar, bir daha təsdiq edir ki, hazırda Azərbaycanın Aİ ilə ikitərfli əlaqələri yeni müstəviyə yüksəlir. Əminliklə demək olar ki, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri Azərbaycan ilə Aİ arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək.

Zahid Rza, “İki sahil”