10 iyul 2026 15:22
77

Britaniyada bankların üzərinə əməkdaşlarına süni intellektlə işləməyi öyrətmək öhdəliyi qoyulur

Böyük Britaniyanın Maliyyə Nazirliyi ölkənin aparıcı banklarını süni intellekt (AI) inqilabı şəraitində öz kadrlarını yenidən hazırlamağa məcbur edəcək xüsusi "peşəkar hazırlıq sazişi" sənədini hazırlayır.

“İki sahil” xəbər verir ki, "The Guardian" qəzetinin yaydığı məlumata görə, nazirliyin bu yeni rəsmi tövsiyələri barədə iyulun 14-də ictimaiyyətə rəsmi açıqlama veriləcəyi gözlənilir. Bildirilir ki, bu təşəbbüs "işəgötürənlərin üzərinə öz işçilərinin ixtisasını artırmaq və onların sürətli texnoloji inkişafla ayaqlaşmasına kömək etmək" öhdəliyi qoyacaq.

Təsdiqlənmiş tövsiyələr çərçivəsində krallığın təxminən 20 aparıcı maliyyə şirkəti, o cümlədən "Barclays" və "Lloyds" bankları, London Fond Birjası, "Fidelity" investisiya-idarəetmə şirkəti və digər nəhənglər öz əməkdaşları üçün üçillik təlim və sertifikatlaşdırma planı hazırlayacaqlar. Təlimlər süni intellekt də daxil olmaqla, müasir maliyyə bazarı üçün kritik əhəmiyyət kəsb edən 5 əsas bacarığı əhatə edəcək. Sazişə qoşulan banklar və digər maliyyə institutları görülən işlər barədə hər il Maliyyə Nazirliyinə və maliyyə xidmətləri sahəsində peşəkar bacarıqlar üzrə parlament komissiyasına hesabat təqdim edəcəklər.

"The Guardian" nəşri vurğulayır ki, Britaniya hakimiyyətinin qənaətinə görə, maliyyə sektoru işçilərinin ixtisasının bu şəkildə artırılması təkcə şirkətlərin ümumi səmərəliliyini yüksəltməyəcək, həm də "gələcəkdə iş yerlərinin sabitliyini təmin edəcək".

Dövlət bu addımla süni intellektin kütləvi şəkildə istehsalata inteqrasiyası fonunda baş verə biləcək kütləvi ixtisarların və işsizlik riskinin qarşısını öncədən almağı hədəfləyir.