Darvazada bizi qamətini dik tutmağa çalışan, amma əslində dərdinin əlindən beli yeddi qat bükülmüş Malik bəy qarşıladı. Qadınların dərdi çəkməyi bir ayrı müsibətdir, kişilərin dərdə tab gətirməsi bir ayrı dəhşət. Bir şəhid atasının qürurlu duruşnun arxasında az qala yerlə sürünən cismini görmək elə də çətin deyil. Min əzabla böyüdüb ərsəyə gətirdiyi övladı öz əlləri ilə qara torpağa tapşırmaq bir ata üçün ölümə bərabərdir axı. Baxışlarından kədər süzülən bir cüt gözlə yarım saniyədən artıq baxışmaq mümkün deyil. Həyətə ilk addım atanda gözümün önündə heç vaxt görmədiyim səhnə canlandı. Bir vaxt bu balaca həyətdə indi adı dillərdə gəzən igid balamız İbrahim öz qardaşı və tay-tuşları ilə gələcyindən xəbərsiz, şad-xürrəm böyüyürdü. Bu o İbrahim idi ki, ilk sevdalandığı da, sevərək qovuşduğu da vətən torpağı oldu.
Bir neçə dəfə şəhidlər üçün təşkil olunan tədbirlərdə görmüşdüm Kifayət xanımı. Şəhid analarından həmişə utanmışam. Onalrın qarşısında nitqim kəsir, sözlərim acız qalıb. Bu gün daha bir şəhid anası ilə üz-üzə oturacaqdım. Daha bir sinəsi çalın-çarpaz dağlı ananın dərdini dinləməyə gəlmişdim. Yenə də eyni hissin əsarətində idim. Ayaqlarım yerdən, əllərim göydən üzülmüşdü sanki. Havadan asılı idim. Hava isə dar ağacının kəndiri olub məni havasızlıqla imtahan edirdi. Köksüm qəhərin cəngində çırpınarkən, gözyaşlarım sinəmə çökən ağırlıqdan qurtulmağıma köməklik edirdi öz aləmində.
Artıq illərdir ki, bu evə daxil olan hər kəsi İbrahimin özü qarşılayır ayaq üstə. Qonaq otağının divarlarında əziz-ağır asılmış şəkillərindən gülümsəyərək xoş gəldin edir onun adını tutub gələnlərə. Arzuları gözündə qalan, bəy otaqları muzeyə dönən nakam oğulların ata, ana, bacı, qardaş, yar-yoldaşları, əmanət balaları ilə ünsiyyət qurmaq qədər çətin və məsuliyyətli bəlkə də heç nə yoxdur. Onların hər biri qanadı sınmış bir quş kimidir. Sarımağa çalışırsan yaralarnı ağrıları imkan vermir, buraxırsan təklikdə çırpınıb qanadırlar yaralarını. Bir sözlə nə sözün gücü çatır, nə də əməlin.
Vəlizadə İbrahim Malk oğlu 1997-ci il aprel ayının 2-də Babək rayonunun Yarımca kəndində anadan olub. Gəlişi Allahın lütfü idi. Qədəmləri doğmalrının ömrünə nur çiləyir. Baxışı bir, gülüşü ayrı bir aləm idi. Böyük qardaşı Vahidlə ata-anasının həyatının mənası olurlar. Malik bəy övladlarını alnının təri, əllərinin qabarı ilə halal böyüdür, Kifayət xanımsa onların təlim tərbiyəsində əlindən gələni edirdi. Hamı zamanı gözləyər zamansa heç kimə məhəl qoymadan su kimi axıb gedirdi. Artıq uşaqların məktəbə getmək yaşları çatmışdı. Vahiddən bir neçə il sonra İbrahim də məktəbə gedir. O, 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində təhsil alır. Məktəbin nümunəvi şagirdlərindən olan İbrahim yaşının çox üstü ağıl sahibi olub. İstər davranışları istərsə də oxumağı ilə həmişə seçilir, həm müəllim, həm də sinif yoldaşlarının rəğbətini qazanır. Lap kiçik yaşlarından vətənpərvər olması ilə fərqlənirdi dostlarından. Böyüyüb özünü dərk etdikcə fikirlərində aydınlıq yaranır və o, hərb yolunu tutacağını valideynlərinə deyir. Bu çətin və şərəfli yol idi. Əlbəttə ki, valideynləri bunu bilir və övladının bu yolda əziyyət çəkəcəyini bildirirlər. Onun həkim olmsını istəyən ana nə qədər dil töksə də, İbrahimi fikrindən daşındıra bilmir. İmtahanlarını uğurlu versə də qoyulan bal həddindən cəmi üç balla kəsildiyi məlum olur. Bu ananın ürəyincə olsa da İbrahim üçün gözləmədiyi bir məqam idi. Axı o biliyinə arxayın idi. Necə ola bilərdi ki, kəsilə?! Anası bəlkə belə məsləhətdir bala, desə də İbrahim acıqla “Bax görərsən mən o məktəbdə oxuyub hərbçi olacam! Sonra da erməniləri torpaqlarımdan çıxaracam. Şəhidlərimizin və günahsız qurbanlarımızın qisasını alıb, yeri də gəlsə şəhid olacam!”,-deyir, anası Kifayyət xanıma. Bu xoşa gəlməz dialoq ananı olduğundan yox edir. Ağlayaraq “Anan qurban barı şəhid sözünü dilinə gətirmə. Hə yaxşı get oxu. Amma sən və sənin kimi oğulları vətən sağ və salamat istəyir ki, onu qoruyasınız”. O gün ananın qəlbinə bir ox sancmışdı balası sözləri ilə. İllərlə hər dəfə yadına düşdükcə bu söhbət qəhər onu boğur, qorxu canını alırdı. O, cavan qardaş dağı görmüş bacı kimi bilirdi ki, övlad itirmək nə deməkdir. Anasının cavan balasının vaxtsız vəfatından çəkdiklərinin şahidi olmuş, özü də qardaş dağından ağır bir dərdin olmadığını düşünmüşdür həmişə. Ta ki, bala dağı onu kül edənə kimi.
Elə olur ki, o il qəbul balları səviyyəsinə əsasən İbrahim məktəbə daxil olur və 2011-2014-cü illərdə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsilini davam etdirir. Geyindiyi kursant paltarı sanki oun üçün yaradılmışdır. Bir ərənə ancaq bu qədər yaraşardı hərbi geyim. Anası da barışmışdı oğlunun tutduğu yol, seçdiyi həyat tərzi ilə. Atası, qardaşı da onunla qürur duyurdu. Torpaqları işğal altında olan bir vətəndaş kimi hər biri yaxşı başa düşürdü ki, hər an müharibə başlaya bilər və o an önə keçəcək olan insanlardan biri də İbrahim olacaq. Düşüncəsi belə insanı məhv edir, qala ki, yaşanması. İbrahimi isə bu yoldan döndərə biləcək tək qüvvə belə yox idi. Liseydə dərsləri də, təlimləri də əla keçirdi. O özünə ən yaxşı məqamlara çatacağına dair söz vermişdir hər halda ki, səylə məqsədinə doğru addımlayırdı. Növbəti addımda imtahanlardan uğurla keçir və 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alır. O, AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirir. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilir. Qarşısına qoyduğu məqsədlərdən birincisinə çatmışdı. Sevinci və qürurundan yerə göyə sığmırdı. O, hələ uşaqlıqdan arzusunda olduğu peşənin ilk pilləsinə qalxmışdı. İrəlidə daha neçə-neçə pillələri qalxacaq, ən yüksək məqamlarda olacaqdı İbrahim. Amma o pillələri qalxmaq üçün ona dayaq ola biləcək daha bir səbəbi də olmalı idi.
Anası ona arabir yaxşı qızlar göstərib ailə qurmasını desə də, İbrahimin gözü-könlü tutmamışdı heç birini. Axı atalarımız yaxşı deyib ki, “Könül sevən göyçək olar”. İbrahim də bulaq suyu kmi tərtəmiz qəlbi olan Billurun könlünü almış, ürəyini ona əmanət etmişdi. İlk dəfə anasına göstərəndə “Nolar ana ikimiz də sevək onu. Mən sevirəm, sən də sev”,-demişdi. Gəlini qəlbinə yatmışdı Kifayət xanımın. Ona görə də oğluna xeyir-duasını verir. Hər şey dədə-baba qaydası ilə həyata keçirilir. Bir sərkərdəyə layiq bir toy edir atası Malik bəy 2018-ci ilin noyabr ayının 22-də. Adəti toylarımızdan fərqli olaraq onlar şadlıq sarayına Azərbaycan Respublikasının dövlət Himni ilə daxil olurlar. İbrahim toyuna ənənəvi bəy libası deyil, özəl olaraq tikdirdiyi qiyafə ilə gəlir. Ailə üçün noyabr ilin bütün aylarından fərqli, sevinci çox olan bir ay idi. İbrahimin sevdiyi Billurun da doğum günü noyabr ayının 30 idi. Və düz bir ilin tamamına canlarından ayırdıqları bir möcüzəni yaradan onlara məhz noyabr ayında bəxş edir. 2019-cu il noyabr ayının 12-də Fərid dünyaya gəlir. Ailənin ilk nəvəsi, yaşam həvəsi olan nur topu oğul bala. Tərtərdə xidmət edən İbrahim balasını görmək üçün izn alaraq Naxçıvana gəlir. Onun qüvvətli qollarında körpə bir mələk hüzur tapmışdı o gün. Adını Aprel şəhidlərindən olan qəhrəman vətən oğlumuz Fərid Əhmədovun şərəfinə Fərid qoyur İbrahim. İlahi bəzən adama elə gəlir ki, insan yaşadığı ən gözəl anaların qiyməyini o anda başa düşmür. Bir gün nələrsə baş verəndə artıq geri dönüb baxırsan və öz özünə deyirsən “Mən necə də xoşbəxt idim o zamanlar!”. Necə ki, bu ailə də gələcəkdə yaşadaıqları gözəl anların xatirəsinə sığınacaqlarını bilmirdilər.
Toydan bir neçə gün sonra ailəsini götürüb hərbi xidmətinə qayıdır İbrahim. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən "N" saylı hərbi hissədə, xüsusi təyinatlı kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsində xidmət etməyə başlayır. Vətənə məhəbbəti, işinə məsuliyyəti ilə öndə olanlardan idi İbrahim. Ağlı, dərrakəsi ilə həmişə seçilir, rütbəcə özündən böyük və ya kiçik olan hər kəsin sevgisini qazanırdı günü-gündən. O da digər yoldaşları kimi işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyirdi. O gün mütləq olacaqdı və İbrahim intiqamını alacaqdı bütün günahsız qurbanlarımızın və vətənimizin müdafiəsində canlarını fəda edən şəhidlərimizin. Düşmən yenə pis əməlindən və göy niyyətindən əl çəkmir, ara-sıra sərhədlərimizi pozmağa cəhd edirdi. O gün isə hesaba qatmadıqları bir şey var idi mənfur düşmənlərimizin. Görünür ki, onlar ordumuzun gücünü göz önünə almadan hücuma keçdi. Nəticədə isə torpaqlarımızdan əbədi olaraq qovuldular.
Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə iştirak edir. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim Vəlizadə orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edir. Nə qədər çətin olsa da, nə o, nə də döyüş yoldaşları əzm və iradələrini itirmir, tam əksinə hər saat zəfərə doğru inamla addımlayırlar. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim əvvəlcə Naftalana, sonra Göyçaya aparılır. Elə ilkin müdaxilədən sonra geriyə qayıdacağını bildirir həkimlərə. Ona səhhətində problemlərin yarana biləcəyini açıqlasalar da, nə qədər israr etsələr də, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək iki gün sonra, oktyabrın 3-də yenidən döyüş meydanına qayıdır. Növbəti tapşırıqla Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsinə yollanan qrup komandiri oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşı Turan Məmmədovu atəş altından çıxararkən iki dəfə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Son sözləri də “Fəridi görə bilmədim” olur. O gün vətənin səmasına keşik çəkmək üçün daha bir oğul ali məqama yüksəlir. Qanı ilə torpağı vətən yoğuran daha bir cavan ömrünün çiçəkləndiyi anda həyata ğöz yumaraq əbədiyyətə qovuşur.
Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşini uzun müddət götürmək mümkün olmayıb. Ondan xəbər ala bilməyən ailə üçün isə ümid işiq salırdı. Müharibənin amansız qanunları öz hökmünü sürürdü vətəndə. Hər gün karvan-karvan şəhid gətirilirdi yurdumuza. Gözlər yolda, qulaqlar səsdə idi. Gecələr uzun, yuxular nigarançılıq içində idi. Amma yenə də bir ümid hardasa ayaqda tuturdu ailəni. Müharibə başa çatdıqdan sonra - nəhayət, noyabr ayının sonlarında İbrahimin də dostlarından bir neçəsinin də cənazəsini ailələrinə təslim etmək mümkün oldu.
Həqiqətən də bəzən inasnların həyatında elə tarixi dönəmlər olur ki, o dönəmlər bizə ya bir başa, ya da dolayı yolla nəsə demək istəyir. Bu ailənin noyabr ayına olan xüsusi marağı var idi. Axı bu ay onlara çoxlu gözəlliklər bəxş etmişdi. Ayın sonu doğum günü olan Billura gələcəyini demişdi İbrahim. Amma artıq uzun bir zaman idi ki, ondan xəbər yox idi. Billursa inancını itirmir, yoldaşının sözünü tutacağına inanırdı. Tutdu da!
Yerlə göyün qovuşduğu bir gün idi. Bir evin ocağı sönmüşdü. İbrahimi həyat yoldaşının doğum gününə çiyinlərdə, bayrağa sarılı gətirdilər. Onun nəşi noyabr ayının 30-da Babək rayonu Yarımca kəndində böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn edirlər. O gün bir atanın söykəndiyi dağ uçdu, bir qardaşın arxalandığı ağac kökündən devrildi. O gün bir anan qanadları sınıb yanına düşdü, bir gəlinin arzuları qan gölündə boğularaq batdı. O ğün dünyadan xəbərsiz bir körpə atasızlığa məhkum buraxıldı. Və hamısı da mənfur düşəmənin pis niyyəti ucbatından. Onlar anlamadılar ki, biz ən son insanımıza kimi vətən üçün canımızı qurban edər, amma torpağımızın bir qarışını da onlara vermərik!
“Mən onunla sağlığında da fəxr edirdim, indi də fəxr edirəm! Onun kimi bir vətənpərvər insanın həyat yoldaşı olmaq mənə şərəf verir. Baxmayaraq ki, biz çox az bir zamanda bir arada olduq. Demək olar ki, yolumuz həmişə ayrılıqlardan düşdü. Amma onun uzalıqlarda belə varlığı mənə yetirdi. Gələcək üçün qurduğumuz saysız-hesabsız planlar var idi. Biz birini belə həyata keçirə bilmədik. Amma mən əminəm ki, o torpaqlarımızın azadlığını bütün arzu və istəklərindən öndə tuturdu. O, ən böyük arzusuna çatdı. Dolayısıyla mən də onunla birlikdə bu arzunun zəfər tamını daddım. Amma onsuz! Mənim indi yeganə bir amalım var. O da ki, İbrahimə layiq övlad böyütmək. Necə ki, Fərid, atası ilə fəxr edəcək ömür boyu, atası da ona səmalardan baxaraq fəxr edəcək!”-deyir həyat yoldaşı Billur xanım.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli "Rəşadət" ordeni, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Suqovuşanın azad olunmasına görə" medalı, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
İndi İbrahimdən geriyə iki əmanət qalıb ata-anasına. Həyat yoldaşı və oğlu. Valideynlərinin onlara gözü kimi baxacaqlarına arxayın idi İbrahim. O, bilirdi ki, onu necə böyüdüblərsə Fəridi də elə böyütməkdə Billura kömək edəcəklər. Cox, amma çox ağır yükdür bu ana və ata üçün. Zərif çiyinləri bu yükün altında əzilsə də ayaqda dayanıb gəlininə dayaq olmağı seçib Kifayət xanım. O, yaxşı bilir ki, ancaq belə olarsa balasının da ruhu şad olar. Nur içində yat cənnət qoxulu şəhidim. Övladın da, torpağın da əmin əllərdədir.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi