26 aprel 2025 00:56
144

Ulu Öndərin Ana dili sevgisi tükənməz idi

Dil millətin və dövlətin varlığını təsdiq edən mühüm  atributlarından biri olmaqla bərabər, həm də onun milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən ünsiyyət vasitəsidir. Bu mənada Azərbaycan dili Azərbaycan xalqının milli varlığını müəyyən edən başlıca amillərdəndir.

 Bu, bir tarixi həqiqətdir ki, dil yaşayırsa, millət də yaşayır. Eyni zamanda, dilin yaşaması üçün onun  qorunması  və zənginləşməsi də  mühüm faktordur. Bu gün Azərbaycan dili həm də ona görə qədim və zəngin hesab olunur ki, bu dildə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Əfzələddin Xəqani, nəhəng Səfəvi imperiyasının başçısı Şah İsmayıl Xətai  və daha onlarla dünyaca nüfuzlu əcdadlarımız yazıb yaratmışlar. Yaxın tariximizə diqqət yetirsək görərik ki,   Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili  elan edilsə də bu ancaq kağız üzərində qalıb.

Bəli, tarixin ən keşməkeşli dövrlərindən mətanətlə çıxan  Azərbaycan dili bu günədək yaşayıb zənginləşmişsə, bu, o deməkdir ki, həmin işdə dilimizi qoruyan görkəmli dövlət xadirmələrinin də böyük əməyi vardır. Xüsusilə SSRİ dövründə Azərbaycan dilinin qorunması və onun dövlət dili statusu alması istiqamətində Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Ulu Öndər hələ respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, həm də qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti baxırdı. Ötən əsrin 70-ci illərindən başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin nəinki təbliğatı ilə, hətta onun dövlət dili statusu alması üçün çalışmaq böyük cəsarət tələb edirdi. Çox ciddi müqavimətlərə rəğmən  o vaxt Azərbaycan SSR-nin rəhbəri olan Ulu Öndər Heydər Əliyev doğma dilimiz  məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə müdafiə etdi.

Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına «Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir» maddəsi əlavə olundu. Əslində, bu cəsarətli addım Azərbaycan xalqının gələcək müstəqilliyinə   hesablanmış müdrik qərar idi. Məsələn, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.» Bununla da bir daha aydın görünür ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur;

Xalqımızın Ümummilli lideri Heydər Əliyev bu fəaliyyətində yalnız Azərbaycan dilinin dövlət dili statusu alması ilə kifayətlənmirdi, həm də ölkə ziyalılarını ümumilikdə isə xalqımızı  ana dilimizi qorumağa, onun zənginliyindən isifadəyə səsləyirdi. Bu dahi insan sözügedən SSRİ Konstitusiyası haqqında danışarkən demişdir ki, bu Əsas Qanun  vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır. Ona görə də  öz milli konstitusiyamızda Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili kimi təsbit olunmalıdır. Ulu Öndərin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyəti də geniqmiqyaslı idi. O, ökəmizdə dilçi alimlərə yüksək diqqət və qayğı göstərirdi. Eyni zamanda, Azərbaycan  dilində nəşr edilən ədəbi-bədii kitabların və dərsliklərin tirajlarının artırılmasını tələb edirdi.

Ulu Öndər Azərbaycan müstəqillik qazındıqdan sonra da dilimizin qorunması və inkişafı istiqamətində çox böyük işlər gördü. Xüsusilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini belə ifadə etmişdi: «Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu, reallıqdır». Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin qorunması və inkişafı işi daha da gücləndirilmişdir.

 Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair qərarlara da imza atmışdır. Xüsusilə dilimizin yeni inkişaf dönəmində daha da zənginləşməsi və qorunması istiqamətində yaranmış vəziyyəti nəzərə alan Ulu Öndər 2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdı. Həmçinin Ulu Öndərin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bundan başqa,  2002-ci il 30 sentyabr tarixində «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sözügedən qanuna  əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ümumiyyətlə, Ulu Öndər bütün siyasi fəaliyyəti dövründə yalnız Azərbaycan dilinin inkişaf etdirilməsi və qorunması ilə kifayətlənməyib, eyni zamanda, özünin nitqlərində dilimizin zənginliyindən və şirinliyindən geniş şəkildə istifadə edib. Müdrik atalar sözlərimizdən, qədim və mənalı nağıllarımızdan, dahi şairlərimizin dəyərli kəlamlarından yerində və zamanında istifadəsi Ulu Öndərin nitqinə millilik və  mənəvi zənginlik gətirirdi. O, deyirdi: «Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.»

Xüsuilə gənclərmizə verdiyi tövsiyələrin ana xəttini dillə bağlı fikirləri tuturdu; «Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.»

Elçin Zaman, «İki sahil»