Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi istiqamətində fəal iş aparıblar. “Məhz iki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan-Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb. Bu xüsusda, ötən illər ərzində aparılan fəal siyasi dialoq münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib”, - deyə Şahin İsmayılov qeyd edib.
Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayan komitə sədri bildirib ki, Birgə Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir. Çin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, həmçinin ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bir daha “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini ifadə etdi.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın Azərbaycanın Asiya regionu ölkələri ilə əlaqələrin inkişafında önəmli rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, təşkilatda dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan onunla müxtəlif istiqamətlərdə fəal əlaqələr qurub. Si Cinpinin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət etməsi Çinin ölkəmizin təşkilatla əməkdaşlığına verdiyin önəmin gösətiricisidir. Eyni zamanda, hər iki ölkə Birgə Bəyanatda çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını ifadə edirlər.
Komitə sədri bildirib ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq çox zəngin gündəliyə malikdir. Xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları olduqca genişdir. Bu gün Çinin beynəlxalq bazarlardakı mövqeyi hər kəsə məlumdur. Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görən Azərbaycan bu sahədə Çinin təcrübəsindən yararlanmaq imkanına malikdir.
“Ölkəmiz ötən illər ərzində strateji coğrafi yerləşməsini doğru qiymətləndirərək, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktur layihələrini uğurla icra edib. Ölkə ərazisində mühüm magistralların, dəmir yollarının, hava və dəniz limanlarının tikintisi Azərbaycana Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala yük daşımalarını həyata keçirməyə imkan verir”, - deyən komitə sədri bildirib ki, bu cür əlverişli infrastruktura malik Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda da bu məsələyə dair xüsusi bənd yer alır.
Şahin İsmayılov bildirib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsi, həmçinin bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın artması iqtisadi-ticari əlaqələrimizin inkişafının əyani göstəricisidir. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İqtisadiyyatımızda Çin investisiyalarının artması müşahidə edilir. Azərbaycanda Çin kapitalı ilə qeydə alınan 375 şirkətdən 298-i aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Səfər çərçivəsində həm müvafiq dövlət strukturları, eyni zamanda şirkətlər arasında imzalanan sənədlər bu istiqamətlərdə, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu xüsusda onu da bildirmək lazımdır ki, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı ilə yanaşı, ötən il şirkət ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanda elektrik avtobusların istehsalının qurulması da nəzərdə tutulur. Eyni zamanda, COP29 ərəfəsində 160 elektrik mühərrikli BYD markalı avtobus ölkəmizə gətirilərək marşrut xəttinə çıxarılıb.
Səfər çərçivəsində “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in imzalanmasının müxtəlif istiqamətlərdə, o cümlədən xalqlarımız arasında münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən komitə sədri bildirib ki, bu, xüsusən qarşılıqlı turist axınının artmasına imkan yaradacaq, bu da turizm sektorunda əlaqələrimizin, mədəni yaxınlığımızın inkişafına mühüm töhfə verəcək.
Şahin İsmayılov Azərbaycan ilə Çin arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumunun ölkəmizdə bu sahənin dayanıqlı inkişafında mühüm rol oynayacağını deyib. Eyni zamanda, minatəmizləmə, elm və təhsil, mədəniyyət, əqli mülkiyyət, informasiya mübadiləsi və digər sahələrdə imzalanan mühüm sənədlər hərtərəfli strateji əməkdaşlığımızın əsaslarını müəyyənləşdirir.
Dövlətimizin başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində aparılan səmərəli müzakirələr iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm rola malikdir. Bu səfər ölkələrimiz arasında energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməsinə mühüm təkan, Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək.