08 aprel 2025 15:01
230

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə artması artıq bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə qeyd edilməlidir ki, tarixi Qələbəmizdən sonra ölkəmizin mövqeyi daha da möhkəmlənib. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, həmçinin dünyanın bir sıra ölkələrinin bu işdə Azərbaycana dəstək verməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığının qəbul edilməsindən xəbər verir. Bu günlərdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanatda “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir” deməsi Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin məntiqi nəticəsidir.

Hər iki ölkə arasında münasibətlərin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirdi. Onu da qeyd edək ki, bu müddət ərzində Azərbaycan Prezidenti Almaniyaya 17 rəsmi və işgüzar səfər həyata keçirmişdir. İki ölkə arasında indiyə qədər 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı Prezident İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da diqqətə çatdırdı.

Nərmin Xəlilova,
Xətai rayonu, Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbin Tarix müəllimi